"Son günlərdə ermənilərin törətdiyi təxribat nəticəsində şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Bu gün bizi ağır matçın gözlədiyini bilirdik. Əvvəlki üç görüşdə uduzsaq da, oyunçuların yaxşı çıxış edəcəyinə inanırdıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının VII tur oyunundan sonra mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis qarşılaşmanın sonlarının stressli keçdiyini bildirib: "Komandadan istədiyimizi meydanda gördük. Meydanda azlıqda qaldıqdan sonra fikrimizi tam olaraq müdafiəyə yönəltdik. Komandamı təbrik edirəm, layiqli və əzmkar qələbə qazandıq. Oyun gedişində o cür epizodları qırmızı vərəqə kimi dəyərləndirirlərsə, deyəcək sözüm yoxdur. Gördüyüm qədərilə ikili mübarizə idi. Futbolçu tullanırsa, harasa düşməlidir. Göydə qalası deyil".