Peşəkar Futbol Liqası (PFL) və "Buta Global Enerji-Tekstil" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, müqaviləni "Buta Global Enerji-Tekstil" şirkətinin prezidenti Mesut Demirtaş və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov imzalayıblar.
AFFA-nın inzibati binasında keçirilən tədbirdə milli assosiasiya, PFL rəsmiləri, qonaqlar iştirak ediblər. Tədbirə xüsusi qonaq qismində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qatılıb.
Səfir çıxışında bu anlaşmanın ölkə futboluna töhfə olacağı üçün xüsusi məmnunluğunu ifadə edib: “Bu gözəl gündə hamınızı sevgi ilə salamlayıram. Bir çox sahələrdə işbirliyi etsək də, mən ilk dəfə futbolda əməkdaşlığa şahid oluram. Bu münasibətlə sizi təbrik edirəm. Bir türk şirkətinin Peşəkar Futbol Liqası ilə əməkdaşlıq etməsi, sponsorlardan biri olması bizim üçün də qürurvericidir. Biz bu tərz əməkdaşlıqları Türkiyə-Azərbaycan münasibətlərinə atılmış yeni bir təməl və körpü olaraq görürük. Siz də yaxşı bilirsiniz ki, Türkiyə-Azərbaycan münasibətlərinin dünyada bənzəri yoxdur və müqayisə oluna bilməz. Prezidentlərin tez-tez qarşılıqlı olaraq görüşüb, müzakirələr apardığı bu münasibətin başqa bir örnəyi yoxdur. Bu, aralarında imzalanan bəyannamə ilə də təsdiqlənmişdir. Biz gələcəyə əmin addımlarla irəliləyən münasibət qurmuşuq. İnanırıq ki, bu münasibət tərzi bütün türk dövlətlərinə də müsbət örnək olacaq. İdman, təhsil və digər sahələrdəki iş birlikləri dəyərlidir. Azərbaycan futbolu üçün xeyirli olmasını diləyirəm. Bu əməkdaşlığın müsbət nəticələrini səbrsizliklə gözləyəcəyik. Qismət olsa, futbol görüşlərini də birlikdə izləyərik”.
Mərasimdə çıxış edən Mesut Demirtaş "Buta Global Enerji-Tekstil" şirkətinin hər zaman Azərbaycanın biznes məkanında layiqli yer almasından məmnun olduğunu, fəaliyyət göstərdikləri sahənin önəmli bir hissəsinin ölkə futboluna bağlanmasının həm də xoş bir vəzifə olmasının zövqünü yaşadıqlarını qeyd edib: “Bizim Azərbaycanda futbol marağımız “Qəbələ” ilə başladı və “Neftçi” ilə davam etdi. İndi də Peşəkar Futbol Liqası ilə əməkdaşlıq müqaviləsi imzalayırıq. Əməkdaşlığımızı genişləndirdiyimiz üçün çox sevincliyik, həyəcanlıyıq və inanclıyıq. İnşallah, daha böyük layihələri, daha böyük nəticələri görməkdən məmnun olarıq”.
Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da dəvəti qəbul etdiklərinə görə qonaqlara minnətdarlığını bildirərək, əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağına əminlik ifadə edib.
Ardından tərəflər arasında müqavilənin imzalanmasına start verilib. Sonda Mesut Demirtaş və Elxan Səmədov bir-birilərinə xatirə hədiyyələri təqdim ediblər.