“İlk növbədə klubumuz adından hər kəsi qarşıdakı Zəfər Günü münasibəti ilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XIII tur oyunundan sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis matça yaxşı başladıqlarını, amma sonradan rəqibin üstünlüyə yiyələndiyini bildirib: "Uduzanda deyiləsi söz çox olur. Lakin mətbuat yox, futbolçular üçün. Meydana qələbə üçün çıxmışdıq. Təəssüf ki, istəyimizə çata bilmədik”.
Onu sözlərinə görə, "Sabah"dan xal almaq üçün ustalıq çatmadı: "Son oyunlarda fərdi səhvlərdən qollar buraxırıq. Bu gün qələbə qazanmaq istəyirdik. Təəssüf ki, alınmadı. Rəqibin fərdi ustalığı və fərdi səhvlərimiz qələbəyə imkan vermədi".
Qurbanov baş məşqçi təyin olunarkən bu cür nəticəni gözləmədiyini söyləyib: "Daha yuxarı pillələrdə olacağımızı düşünürdüm. Reallıq odur ki, aşağı dördlükdəyik. Amma əlimizi yanımıza salmayacağıq, Sona kimi mübarizə aparacağlıq".
Baş məşqçi məğlubiyyətin həmişə əhval-ruhiyyəyə təsir etdiyini vurğulayıb: "Çalışırıq əlimizdəki futbolçulara şans verək. Məni ən çox narahat edən odur ki, onları bunu başa düşmürlər".
Mütəxəssus əsas heyətin 4 üzvünün meydanda olmadığını xatırladıb: "2 nəfər cəzalı, 2 nəfər isə zədəli idi. Futbolda müdafiə olunmaq asandır, amma hücum edən zaman çox güc düşür. Bu gün sağ cinahda pis təsir bağışlamasaq da, sol cinahda axsayırdıq. İndidən transferlər barədə düşünmürük. Amma ümumilikdə təbii ki, güclənməliyik".
Qurbanov maraq dairələrində bızi futbolçuların olduğunu qeyd edib: "Xüsusən də yerliləri heyətə qatmaq istərdik. Lakin indiki halda əlimizdəki heyətlə ilin sonuna qədər mübarizə aparacağıq".
Baş məşqçi deyib ki, komandanın belə oyunu tək ons yox, hamıya pis təsir edir: "Futbolçu kimi necə iddialıydımsa, bu gün də eləyəm. Nəsə düzəltmək istəyirik. Lakin yaxşı komanda qurmaq tez əmələ gəlmir. Bəhanə gətirmək istəmirəm, amma vaxt lazımdır və istədiyimiz futbolçuları heyətə qatmalıyıq".