"Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Mahmud Qurbanov səfərdə "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XIV tur oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis daha yaxşısına ümid etdiklərini bildirib: "Amma alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm".
Onun sözlərinə görə, ardıcıl məğlubiyyətlər dünyanın sonu deyil: "Çalışacağıq ki, nəticələri yaxşılaşdıraq. Kəsərli hücumçu və vingerlərə ehtiyacımız var. Zədəlilər qayıtsın, sonra nəticələrə baxarıq. Bizim üçün kiminlə oynayacağımız fərq etmir. "Neftçi" ilə görüşə də qələbə üçün çıxacağıq. Bu gün yaxşı çıxış etmədik".
Baş məşqçi bəzi legionerlərin çıxışından narazılığını gizlətməyib: "Amma hamısını deməzdim. Düşünürdük ki, adaptasiya tez olar. Bu dəqiqə heç nəyi dəyişə bilmərik. Bu oyunçulardan istifadə etməyə məcburuq".
Qurbanov intizamsız komanda olmaları barədə fikirlərlə razılaşmayıb: "İstədiyimiz odur ki, aqressiv oynayaq. Hərdən bəzi futbolçularımız bunu ayırd edə bilmir. Durduğumuz yerdə qırmızı vərəqələr almışıq. Heç nədən komandanı pis vəziyyətdə qoyanların cəzaları olub. Gələcəkdə də olacaq".
Mütəxəssis istefa barədə düşünmədiyini söyləyib: "Bunu ağlımdan da keçirmirəm. Bugünkü məğlubiyyət də öz səhvimizdən oldu. Hamidu Keyta, Rəhim Sadıxov səviyyəli futbolçulardır. Rəqib onların ustalığı sayəsində qol vurdu".
O, buraxılan qoldan öncə yerə yıxılan Elmir Tağıyevin simulyasiya etmədiyini vurğulayıb: "Onda belə xüsusiyyət yoxdur. Dizində problemlər var. Neçə vaxtdır məcburən oynadırıq. Meydana həmişə dizi bağlı halda çıxır. Görünür, ağrısı daha bərk idi".
Baş məşqçi deyib ki, oyunçu, əsasən də legioner seçimi lotoreya kimi bir şeydir: "Videoya baxıb dəvət edirik. Qışa kimi bu heyətlə oynamalıyıq. Fasilədə dəvət edəcəyimiz futbolçular olacaq. Qışdan sonra komandamızın daha yaxşı olacağını hesablamışıq. Qapıçılarımıza inanırıq. Hər ikisi yaxşıdır. Planda yeni qolkiper transferi yoxdur".