"Yeni formalaşan komandayıq. Oyunçular müxtəlif klublardan cəlb olunublar və uyğunlaşma prosesi də bir az çətin keçir. Amma matçlara çıxanda bu amilləri kənara qoyuruq, xal və ya xallar qazanmağa çalışırıq.
Sportnet.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.
30 yaşlı müdafiəçi Tovuz təmsilçisinin uğur qazanması üçün əllərindən gələni etdiklərini bildirib: "Premyer Liqada yuxarı pillələrə qalxmaq, ölkə kubokunda bacardığımız qədər mübarizəni davam etdirmək istəyirik. Bəzən zəif çıxış etdiyimiz qarşılaşmalar da olub. Amma hər görüşdə komandaya xeyir verməyə çalışırıq. Bəlkə daha da uğurlu çıxış edə bilərdik. Düşünürəm ki, bundan sonra lap yaxşı olacaq".
Əliyev rəhbərliyin qarşılarına Premyer Liqa və ölkə kubokunda hansısa məqsəd qoymadığını söyləyib: "Hər futbolçu kimi biz də nəticələrimizin yaxşı olmasını hədəfləyirik. Mövsümün sonu hər şeyi birlikdə görəcəyik. Digər komandalara baxanda futbolçumuz azdır. Elə klublar var ki, bir mövqedə üç oyunçusu var. Amma bizdə kimsə zədələnəndə rotasiya etməkdə çətinlik çəkirik. Mövsümün sonunadək bacardığımız qədər xallar qazanmaq və ölkə kubokunda irəliləmək niyyətindəyik".
Mövsümün sonunda müqaviləsi başa çatan müdafiəçi hələlik karyerası haqqında düşünmədiyini vurğulayıb: "Komandaya bacardığım qədər çox xeyir vermək istəyirəm ki, daha yüksək pillələrdə olaq".
Təcrübəli oyunçu legionerlərin Tovuza uyğunlaşmasına da toxunub: "Elə də çox əcnəbi futbolçumuz yoxdur. Olanlar da uyğunlaşmağa çalışırlar. Demək olar ki, birlikdə vaxt keçiririk. Bu məsələ barədə özləri danışsa, daha yaxşı olar. Amma ciddi problemlərlə üzləşdiklərini düşünmürəm. Çünki kollektivdəkilər bir-biri ilə çox yaxındırlar. Çətinlikləri olsa, birinci bizə deyəcəklər".
Əliyev "Kəpəz"ə Gəncədə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu haqqında danışıb: "Görüşün ağır olacağını bilirdik. Rəqibi də yaxşı analiz etmişdik. Matça pis başlamadıq. Amma meydan sahibləri hesabı açdı. Buna baxmayaraq, ikinci hissə iki qol vura bildik. Digər şansları da dəyərləndirə bilsəydik, başqa cür olardı. Yarımfinala yüksəlmək ehtimalımız 50 faizdir. Şansların bərabər olduğunu deyərdim. Səfər qolu amili ləğv olunduğu üçün bizi evdə daha çətin qarşılaşma gözləyir".
Müdafiəçi Premyer Liqanın XVII turunda "Neftçi" ilə qarşılaşmaya kökləndiklərini sözlərinə əlavə edib: "Neftçi"dən ilk dövrədə səfərdə bir xal almışdıq. Amma rəqib çempionatda "Qarabağ"a, ardınca isə kubokda "Zirə"yə uduzub. Onlar da bizimlə görüşə daha motivasiyalı çıxacaqlar. Biz də evdə xal qazanaraq azarkeşlərimizi sevindirməyi planlaşdırırıq".
Kapitan son olaraq yerli oyunçuların Azərbaycan millisinə dəvət almamasına da toxunub: "Legionerlərdən milliyə dəvət alanlar var. Amma zədəli qayıdanlar da oldu. Belə vəziyyətdə bu, yaxşı hal deyil. Milliyə dəvət almamağımı nə iləsə əlaqələndirməzdim. Baş məşqşi Canni De Byazi çempionatın matçlarını izləyir. Hər an, hər kəsi dəvət edə biləcəyini söyləyib. Yığmaya çağırılsaq, orada canla-başla oynayacağıq. Kənarda qalsaq, öz üzərimizdə çalışıb ideal formada olmağa cəhd göstərəcəyik".