“Durumumuz yaxşı deyil. Həm yorğunluq var, həm də zədəli oyunçularımızın sayı çoxdur”.
Sportnet.az-ın məlumatına görə, bunu “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov evdə “Kəpəz”lə 2:2 hesablı bərabərə qaldıqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis bildirib ki, “Kəpəz”in son vaxtlar yaxşı formada olması matçın çətin alınmasına gətirib çıxarıb: “Kubok oyunu çempionat matçından bir qədər fərqlənir. İlk dəqiqələrdə qollar vursaq da, “Kəpəz” sonradan üstünlüyü ələ aldı, hesabı bərabərləşdirdi. İkinci hissədə orta sahədə taktiki savaş getdi. “Kəpəz”ə ciddi qol epizodu vermədik. Artıq dekabrın 24-də “Qəbələ” ilə çempionat oyununa hazırlaşacağıq. Komandamızda gənc futbolçular var, onlara da oynamaq şansı yaradılacaq”.
Ayxan Abbasov tribunalarda onları dəstəkləyən tovuzlu azarkeşlərə təşəkkür edib: “Azarkeşlərimiz yarımfinal həyəcanı yaşamaq istəyirdilər. Komanda olaraq onlara bu sevinci yaşatdığımız üçün şadam”.
Qeyd edək ki, ilk oyunda 2:1 hesablı qələbə qazanan “Turan Tovuz” yarımfinal mərhələsinə adlayıb. Komandanın bu raunddakı rəqibi “Neftçi” – “Zirə” cütünün qalibi olacaq. Yarımfinal matçları 2023-cü il 17-27 aprel tarixlərində keçiriləcək.