
“Bu mövsüm məqsədimiz kuboku qazanmaqdır. Düşünürəm ki, mövsümü titulla başa vurmaq üçün ən qısa yol kuboku qazanmaqdan keçir”.
Sportnet.az-ın məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf “Zirə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis ilk matçda əks-hücumdan qol buraxdıqlarını xatırladıb: “Bu dəfə mükəmməl oyun oldu. Futbolçular tapşırıqları yerinə yetirdilər. Azarkeşlər üçün göz oxşayan oyun olmaya bilər. Amma bugünkü məqsədimiz bu deyildi”.
Baş məşqçi seneqallı müdafiəçi Mamadu Mbodjla yollarını ayırmalarının səbəbini də açıqlayıb: “Aramızda heç bir problem yox idi. Hər iki tərəfin razılığı ilə müqaviləyə xitam verildi. Ona uğurlar arzulamaq istəyirəm”.
Rumıniyalı çalışdırıcı görüşdə ilk qolun müəllifi olan belaruslu hücumçu Yeqor Boqomolskidən razılıq bildirib: “Tez-tez start heyətində oynamaq onun özündən asılıdır. Bu cür oyunlar nümayiş etdirdikdən sonra əsas heyətdə meydana çıxmağa layiq olacaq”.
Regekampf Rumıniyanın “Universitatya Krayova” klubu ilə anlaşması barədə yayılan məlumatlara qısa şərh verib: “Əvvəllər də demişəm ki, bu cür söz-söhbətlər başa çatacaq. Buradayam, müqaviləm davam edir. Yazılanlar mənə təsir edə bilməz”.