
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Emre Kaplan Türkiyənin "Adanaspor" klubundan ayrılıb.
Sportnet.az-ın məlumatına görə, 22 yaşlı müdafiəçi bu barədə rəsmi instaqram hesabında bildirib.
O, bölgə təmsilçisi I Liqada çıxışını dayandırdığı üçün bu addımı atdığını vurğulayıb: "Sizinlə belə vidalaşacağımı heç düşünməmişdim. Hazırkı psixoloji durumu təsvir etmək üçün söz tapmaqda çətinlik çəkirəm. Klub prezidentinə, İdarə Heyətinə, əməkdaşlara, futbolçu dostlarıma və böyük "Adanaspor" azarkeşlərinə təşəkkür edirəm. Ümid edirəm ki, daha yaxşı günlərdə görəşəcəyik".
Qeyd edək ki, Emre Kaplan daha əvvəl Azərbaycanın U-19 millisində də mübarizə aparıb. Müdafiəçi həm U-19, həm də U-21-də 3 rəsmi matçda meydana çıxıb.
Adana klubu zəlzələ ilə əlaqədar çempionatda çıxışını dayandırıb. İcarə əsasında bu komandanın formasını geyinən E.Kaplan müqavilə ilə “Başakşehir”ə məxsusdur.