Bakıda "Qarabağ" və "Gent" arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq.
Sportnet.az-ın məlumatına görə, indiyədək "köhlən atlar"la yanaşı, "Neftçi" və "Qəbələ" də bu ölkənin klublarına rəqib olublar.
10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9
İlk görüş 2005/2006 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinə təsadüf edib. Səfərdə rəqibinə 0:5 hesabı ilə uduzan "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda minimal hesabla qələbə qazanıb - 1:0.
"Ağ-qaralar" 2008/2009 mövsümündə İntertoto Kubokunda "Jerminal"ı (hazırkı "Beersxot") iki oyunun nəticəsinə əsasən üstələməyi bacarıb - 1:1, 1:0.
"Qarabağ" isə ilk dəfə 2011/2012 mövsümündə Belçika klubu ilə üz-üzə gəlib. Ağdam təmsilçisi UEFA Avropa Liqasının III təsnifat mərhələsinin "Brügge" ilə səfərdəki ilk qarşılaşmasında 1:4 hesabı ilə yenilib. Komanda cavab matçında 1:0 hesablı qələbə qazanıb.
Hazırkı ölkə çempionu 2015/2016 mövsümündə eyni turnirin qrup mərhələsində "Anderlext"lə qarşılaşıb. Bakıda rəqibini 1:0 hesabı ilə üstələyən ağdamlılar səfərdə məğlubiyyətdən qaça bilməyiblər - 1:2.
Son olaraq "Qəbələ" 2016/2017 mövsümündə "Anderlext"ə Avropa Liqasının qrupunda rəqib olub. "Qırmızı-qaralar" hər iki görüşdə 1:3 hesabı ilə uduzublar.
Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də Gentdə olacaq.