19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoxlama görüşündə Şimali Makedoniyaya məğlub olub.
Sportnet.az-ın məlumatına görə, Bakıda keçirilmiş qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Dalğa Arena”dakı matçda hesabı Aqil Nəbiyevin baş məşqçi olduğu kollektiv açıb. 49-cu dəqiqədə Sənan Ağalarov fərqlənib. Lakin Marko Stoyilevskinin 77-ci, Hacika Canovskinin isə 85-ci dəqiqədə vurduğu qol Şimali Makedoniyaya qalibiyyət gətirib.
Qeyd edək ki, bu komandalar arasında martın 24-də keçirilən ilk yoxlama görüşü qolsuz bərabərliklə başa çatıb.