“Meydanda gərgin mübarizə var idi. Biz təkbətək mübarizələrdə həmişəkindən daha çox uduzduq. Həlledici anlarda ikili mübarizələrdən qalib çıxa bilmirdik”.
Sportnet.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Misli Premyer Liqasının XXIX turunda “Səbail”ə 1:2 hesabı ilə uduzduqları səfər oyunundan sonra mətbuat konfransıda deyib.
Baş məşqçi referi İnqilab Məmmədovun qərarlarına sərt reaksiya verməsini ondan ciddi narazılığı ilə əlaqələndirib: “Bu hakimlə bu gün bizim xal qazanmaq şansımız yox idi. 15-ci dəqiqədə artıq heç nədən 3 futbolçuya sarı vərəqə göstərmişdi. O, nə üçün belə edir? Oyunu idarə etmək və istənilən an qırmızı vərəqə göstərmək üçün. Yekunda da istəyinə çatdı. Bu hakim daha əvvəl də heç nədən Con İrasabalı “Qarabağ”la oyundan öncə meydandan qovmuşdu. Hətta həmin epizodda cərimə belə yox idi. Kobudluq edən rəqibin futbolçusu Qoba Zakpa idi. Hakim hamıdan ağıllı olduğunu düşünür. Mən də ona “təşəkkür etdim”, oyunu "yüksək səviyyədə idarə etdiyini" bildirdim və nəticədə mənə də qırmızı vərəqə göstərdi”.
Musayev məğlubiyyətə görə referidən fərqli olaraq, cinah müdafiəçilərini günahlandırmayıb: “Qapımızda qollar görürüksə, uduzuruqsa, bu, bütün komandanın, bütün məşqçilərin səhvidir. İndiki məqamda fərdi səhvlərə keçmək istəmirəm. Baş verənləri aydınlaşdırmalı və gələcəkdə eyni səhvləri təkrarlamamalıyıq”.