"Bir neçə gün əvvəl xoşbəxt idik. İndi isə neqativik, çünki uduzmuşuq. Qapımızdan iki asan qol buraxdıq. Bizim səviyyədə olan komandanın belə qollar buraxması düzgün deyil”.
Sportnet.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsio Regekampf Misli Premyer Liqasının 32-ci turunda “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfansında deyib.
Rumın mütəxəssis müdafiədə səhvlərə yol verdiklərini bildirib: “Müdafiədə kifayət qədər təcrübəli və səviyyəli oyunçularımız var, amma səhvlərə yol veririk. Stankoviç də qırmızı vərəqə aldı. Bundan sonra çalışdıq ki, müdafiə olunub, əks-hücumlardan yararlanaq. Saldanya ilə hesab arasındakı fərqi azaltdıq və geridönüş edə bildik. Üçüncü qolu da heç nədən buraxdıq”.
O bildirib ki, üçüncü qolu vurmaq üçün komandasının gücü qalmayıb: "Qarabağ"ın daha təhlükəli epizodlarının qarşısını ala bildik. Eyni zamanda, asan qollar buraxdıq. Amma yenə də ikinci qolu vurmağı bacardıq. Bundan sonra artıq yetərli gücümüz qalmadı ki, geridönüş edib üçüncü qolu vuraq”.
“Neftçi”nin çalışdırıcısı komandasının mövsümü üçüncü pillədə başa vurmasına belə münasibət bildirib: “Səhvlərimizə nəzər yetirməli və kuboku qazanmalıyıq. Hazırda məqsədimiz budur. Üçüncü yer haqda danışmaq istəmirəm. Mövsümü bitirib durumumuzu ümumi analiz etməliyik. Bu nəticə mənim qane etmir, daha çoxunu istəyirəm”.
Regekampf mövsüm ərzində 4 oyunun heç birində “Qarabağ"a qalib gələ bilməmələrindən də söz açıb: “Bu, böyük söhbətdir. Qarşıdakı mövsümə qədər hər şeyi çox yaxşı analiz etməliyik. Bir ay vaxtımız var. Çox əzmkar işləməli və kubokun finalına hazır olmalıyıq. "Qəbələ" ilə final oyununa yaxşı hazırlaşmalıyıq”.