
Misli Premyer Liqasında XXXIV turun növbəti oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Qəbələ" "Turan Tovuz"u qəbul edib. Qəbələ şəhər stadionunda keçirilmiş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Bununla da "Turan Tovuz" 38 xalla 6-cı pillədəki yerini möhkəmlədib. 48 xalla 4-cü yerdə gedən "Qəbələ" isə mövqeyini özündən 2 xal geridə olan "Zirə"yə verərək, Konfrans Liqasına vəsiqə şansını itirmə təhlükəsi ilə üzləşib.
Günün digər oyununda "Qarabağ" "Səbail"in qonağı olub.
Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Qollardan 2-ni Ramil Şeydayev vurub. Bununla da Şeydayev bombardirlər siyahısında komanda yoldaşı Musa Qurbanlıdan 2 top önə keçib. Hazırda o, 22 qol vurubsa, Qurbanlının aktivində 20 top var.
"Qarabağ" isə xalını 87-yə çatdırıb və ən yaxın izləyicisi "Sabah"ı 10 xal üstələyərək, sona 2 tur qalmış 10-cu dəfə çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, mayın 14-də "Neftçi" - "Şamaxı", mayın 17-də "Sumqayıt" - "Sabah" matçı keçiriləcək.
13 may (şənbə)
20:30. "Səbail" - "Qarabağ" - 0:3
Qollar: Bəhlul Mustafazadə, 71. Ramil Şeydayev, 77 (pen.); 86
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"ASCO Arena".
18:00. "Qəbələ" - "Turan Tovuz" - 1:2
Qol: Rafael Utziq, 66 - Sadiq Quliyev, 54. Siyanda Xulu, 90+4
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu.