ABŞ-ın “İnter Mayami” klubuna keçən Lionel Messi sabiq komandası “Barselona”ya qayıtmamasını şərh edib.
Sportnet.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bu transfer zamanı pulun vacib rol oynamadığını söyləyib.
“Barselona”ya qayıtmamağa qərar verən zaman maliyyə məsələsi sözünü dedimi” sualına Messi belə cavab verib: “Düzünü desəm, pul problem deyildi. Biz rəhbərliklə müqavilənin şərtlərindən belə danışmadıq. Klub mənə təklif irəli sürmüşdü - amma bu, nə rəsmi, nə yazılı, nə də başqa bir şey idi. “Barselona”nın məni dəvət etmək niyyəti var idi, amma bu məsələdə inzibati məqamlara görə tərpəniş olmadı. Puldan danışmağın nə mənası var?
Əgər işin maliyyə tərəfi məni narahat etsəydi, Səudiyyə Ərəbistanına və ya başqa yerə gedərdim. Çoxlu pul olardı. Amma həqiqət budur ki, mən qərarımı bu aspektə əsaslandırmıram”.
O həmçinin bildirib ki, “Barselona” prezidenti Juan Laporta ilə danışıqlar bir-iki dəfə olub. Danışıqlar əsasən baş məşqçi Xavi ilə aparılıb.
Qeyd edək ki, Messinin “İnter Mayami” ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. İmzalanma mərasiminin iyulun 1-də keçiriləcəyi bildirilir.