“Qarabağ” bu gün Avstriyada növbəti yoxlama matçına çıxıb.
Sportnet.az xəbər verir ki, bu, iyunun 22-dən Tirolda hazırlıq prosesində olan Ağdam təmsilçisi üçün cari təlim-məşq toplanışında sonuncu oyun olub. Qurban Qurbanovun futbolçuları Bolqarıstanın SSKA komandası ilə üz-üzə gəliblər. Görüş "Qarabağ"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundakı yeganə qola isə 42-ci dəqiqədə Redon Cica imza atıb.
Qeyd edək ki, Sofiya təmsilçisi ötən mövsümü 2-ci yerdə başa vurub.
20:00. “Qarabağ” - SSKA (Bolqarıstan) - 1:0
Qol: Redon Cica, 42
Xatırladaq ki, Ağdam təmsilçisi bundan əvvəl 2 yoxlama matçı keçirib. “Ferensvaroş”la (Macarıstan) matç 3:3 hesabı ilə yekunlaşıb, “Legiya” ilə görüş isə Polşa təmsilçisinin qələbəsi ilə başa çatıb (2:0).
“Qarabağ” iyulun 5-də Avstriya toplanışını başa vuraraq İspaniyanın Marbelya bölgəsinə yollanacaq. Burada 4 gün məskunlaşacaq komanda iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq. Bu matç iyulun 11-də keçiriləcək.