“Havanın isti olması bir qədər çətinlik yaradırdı. Amma komanda pis təsir bağışlamadı”.
Sportnet.az xəbər verir ki, bu sözləri açıqlamasında “Kəpəz”in baş məşqçisi Azər Məmmədov dünən “Səbail”ə qarşı keçirdikləri yoxlama oyununu şərh edərkən deyib.
1:2 hesablı məğlubiyyətə baxmayaraq, mütəxəssis komandasının çıxışını ümidverici hesab edir: “Nəzərə almaq lazımdır ki, təlim-məşq toplanışının ağır dövründəyik. Bəzən gündə 2 dəfə məşq edirik. Bu cür güc sərfetmənin qarşısında göstərilən futbol ümidverici idi. Digər tərəfdən də, tam heyətlə çıxış etmirdik. Bəzi transferlər var ki, onların reallaşmasını gözləyirik.
Nigeriyalı Onanquva ilə razılaşmışıq. İki belaruslu legioner və Elmir Tağıyev artıq komanda ilə birgə məşqlərə start veriblər. İyulun 14-də keçirəcəyimiz növbəti yoxlama matçında onlar da meydanda olacaqlar. Odur ki, ümidliyik. Yavaş-yavaş komandanı tam formalaşdıracağıq”.