Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarusu qəbul edib.
"Dalğa Arena"dakı qarşılaşmaya Azərbaycan millisi daha üstün başlayıb. 3-cü dəqiqədə Azər Salahlının zərbəsindən sonra top qapının yanından keçib. Ardınca qonaqlar fərqlənməyə yaxın olsa da, qapıçı Şahruddin Məhəmmədəliyev iki epizodda qola mane olub.
Epizodların birində Riçard Almeyda topu qapının üstündən vurub. Daha sonra Emin Mahmudovun cərimə zərbəsi təhlükəli alınıb, lakin qapıçı Pavel Pavlyuçenko topun qapıdan keçməsinə icazə verməyib. İlk hissənin sonlarında Şahruddin Məhəmmədəliyev növbəti dəfə komandanı real qoldan xilas edib. Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.
İkinci yarının əvvəlində də Azərbaycan yığması daha fəal olub. 46-cı dəqiqədə Abbas Hüseynovun zərbəsindən sonra top qapı dirəyinə dəyərək geri qayıdıb, Renat Dadaşovun zərbəsində isə dəqiqlik çatmayıb. 59-cu dəqiqədə zədələnən Eddi İsrafilovun yerinə meydana Coşqun Diniyev daxil olub. Mahir Emreli Renat Dadaşovu, Anton Krivotsyuk isə Azər Salahlını əvəzləyib. 73-cü dəqiqədə Abbas Hüseynov yerini Namik Ələskərova, Riçard Almeyda isə Aleksey İsayevə verib.
Azərbaycan yığması 76-cı dəqiqədə istəyinə çatıb. Mahir Emreli baxımlı qolla komandanı önə keçirib. 85-ci dəqiqədə qonaqlar hesabı bərabərləşdirməyə yaxın olsalar da, istəklərinə çata bilməyiblər. 87-ci dəqiqədə isə Ramil Şeydayev qapıçı səddini keçə bilməyib. Şeydayev 90+3-cü dəqiqədə topu rəqib qapıdan keçirməklə fərqi daha da artırıb.
Beləliklə, rəqibini 2:0 hesabı ilə məğlub edən Azərbaycan yığması UEFA Millətlər Liqasında ilk qələbəsini qazanıb. Qrupun digər matçında Qazaxıstan evdə Slovakiyaya qalib gəlib - 2:1.
Komandalar arasında II tura təsadüf etmiş matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya 0:1 hesabı ilə yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1. Dörd oyundan sonra Qazaxıstan seçməsi 10 xalla liderdir. Slovakiya 6 xalla ikinci, Azərbaycan 4 xalla üçüncü, Belarus isə iki xalla sonuncu yerdədir.
-------------------
Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Bakıda Belarus seçməsini qəbul edəcək.
"Dalğa Arena"da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü yunanıstanlı Anastasios Papapetrunun rəhbərlik etdiyi hakimlər idarə edəcək.
Komandalar arasında II tura təsadüf edən matçda qolsuz bərabərlik qeydə alınıb. Azərbaycan millisi ilk turda səfərdə Qazaxıstana 0:2, III turda evdə Slovakiyaya 0:1 hesabı ilə uduzub. Rəqib isə birinci qarşılaşmasında Slovakiyaya yenilib, III turda Qazaxıstanla heş-heçə edib - 1:1.
Hazırda Qazaxıstan yığması 7 xalla C Liqasının 3-cü qrupuna başçılıq edir. Slovakiyanın 6, Belarusun 2, Azərbaycanın isə 1 xalı var.
UEFA Millətlər Liqası
IV tur
13 iyun
20:00. Azərbaycan - Belarus - 2:0
Qollar: Mahir Emreli, 76. Ramil Şeydayev, 90+3
Baş hakim: Anastasios Papapetru (Yunanıstan)
Bakı. "Dalğa Arena"