Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan millisinin heyəti açıqlanıb.
Sportnet.az xəbər verir ki, batut gimnastikası üzrə yarışda qadınlar arasında Dünya kubokunun gümüş mükafatçısı, FIG kubokunun sahibi Selcan Mahsudova və batut gimnastikası üzrə 6-cı Bakı birinciliyinin qalibi Şəfiqə Hümbətova mübarizə aparacaq.
Kişilər arasında dünya yaş qrupları yarışlarının qalibi, beynəlxalq turnirlərin qalibləri Nicat Mirzəyev (fərdi və sinxron çıxışlar) və Mehdi Əliyev (fərdi çıxış), Avropa çempionu Əli Niftəliyev çıxış edəcək.
Yarışda ilk dəfə olaraq batut gimnastikası üzrə qarışıq sinxron cütlüklər çıxış edəcək.
Tamblinq üzrə mübarizədə isə komanda hesabında Dünya çempionları Tofiq Əliyev və Adil Hacızadə, Avropa çempionatının komanda hesabında qalibi Hüseyn Əsədullayev və beynəlxalq turnirlərin qalibi Aleksey Karataşov qüvvəsini sınayacaq.
Qeyd edək ki, fevralın 22-23-də keçiriləcək yarışda 16 ölkədən idmançılar fərdi və sinxron proqramlar üzrə qələbə uğrunda mübarizə aparacaqlar.