Şimal Regional Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən 4-6 yaşlı uşaqların məşq etdiyi "Sunami” uşaq Futbol Klubunun (FK) fəaliyyətə başlamasından bir il ötür. Sportnet.az-ın məlumatına görə, "Sunami” Azərbaycanda 4 - 6 yaşlı uşaqlara futbolun sirlərini öyrədən yeganə məktəbdir.
Sumqayıtdakı məktəbdə 45 dəqiqə məşq edən azyaşlı futbolçular, daha sonra 15 dəqiqə futbol oynayırlar. Həftədə isə 3 məşq nəzərdə tutulub. "Sunami”nin baş məşqçisi Tağı Məmmədov, köməkçisi Emin Hüseynov, qapıçılar üzrə məşqçi isə İsmayıl Kərimovdur.
Layihə ilə bağlı danışan baş məşqçi Tağı Məmmədov deyib: "Bilirsiniz ki, futbola nə qədər tez başlanılsa bir o qədər yaxşı olar. Təsəvvür edin ki, 4-5 yaşından məşq edən uşaq 12 yaşında hansı səviyyədə olacaq. Yəni, 8 və ya 10 yaşında futbola gələnlərlə 4-5 yaşında məşqə başlayan uşaqlar arasında ciddi fərqlər olacaq. Uşaqların dünyagörüşünün formalaşması da diqqətimizdən kənarda qalmır. Mütəmadi olaraq yoldaşlıq oyunları keçiririk. Digər maraqlı layihələrimiz də var. Çalışırıq ki, Azərbaycanda futbolun inkişafına töhvə verək, güclü futbolçular yetişdirək”.
Belə yoldaşlıq oyunlarından biri də Şamaxıda baş tutub. Əylənci xarakterli görüşdə "Sunami”nin heyətində Əli Bayramov, Əkbər İbrahimli, Zakir Hüseynov, Fərid Əhmədov, Əli Həsənli, Ramazan Abışov, Aslan Qurbanlı, Nurlan Quluzadə, Hüseyn Kərimov, Əli İsrafilov, Ülvi Balaşov və Ramal Quliyev çıxış ediblər.