
Avqustun 5-də futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Azərbaycan təmsilçisi "Qarabağ"la Şotlandiya "Seltik"i qarşılaşacaq. Sportnet.az-ın məlumatına görə, "Report"un əməkdaşları biletlərin satışa çıxarıldığı Tofiq Bəhramov adına Respublika stadionu önündə bir saatdan çox müşahidələri zamanı satışın yalnız qanuni yolla həyata keçirilmədiyinin şahidi olublar.
Mərkəzi stadionun kassalarından əlavə, "qara bazar"da da qızğın iş gedir. Bununla mübarizə aparan Ağdam klubu dünən günortadan sonra kassalarda bilet satışını da dayandırıb. Lakin bu gün səhərdən azarkeşlər yenidən oyun biletini kassalardan əldə edə biliblər. "Qara bazar"la mübarizə aparmaq üçün klub tərəfindən müəyyən addımlar atılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları, mülki geyimli klub mühafizəçiləri və bir neçə könüllü qanunsuz bilet satışının qarşısını almağa çalışır.
Bütün səylərə baxmayaraq, "qara bazar"ın qarşısını almaq mümkün olmur. Təbii ki, klubun müraciətindən sonra əraziyə Post Patrul Xidmətinin (PPX) əməkdaşları cəlb olunub. Bununla belə, yenə də əl altdan bilet satışına rast gəlinir.
Müşahidə zamanı işbazlardan bəziləri əməkdaşımıza yaxınlaşaraq bilet almağı təklif ediblər. Əməkdaşımızla kənarda söhbətləşən "satıcı" orta sektorlara biletin qiymətinin 15 manata olduğunu bildirib. Kassada dəyəri 5 manat, 6 manat, 8 manat və 10 manat olan biletləri baha satmasını isə o, biletlərin tükənməsi ilə əlaqələndirib.
Biletlərin satışı, qara bazarla mübarizənin hansı səviyyədə olduğunu daha dəqiq öyrənmək üçün "Report" klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimova müraciət edib. N.İbrahimov bildirib ki, dünən saat 16:00-a qədər 10 min bilet satılıb. Klub rəsmisinin sözlərinə görə, Respublika Stadionunun kassalarının ötən gün saat 17:00-dan bağlanmasına səbəb ərazidən qeyri-qanuni yolla bilet satanların təmizlənməsi olub: "Azərbaycanın futbol tarixində ilk dəfə belə izdiham yaşanıb. Lakin müəyyən işbazlar insanların sevgisindən öz maraqları üçün istifadə etməyə çalışırlar. Belə olan halda da qeyri-qanuni bilet satışı çoxalır. Klub tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib. Hətta ərazini işbazlardan təmizləmək üçün kassaların fəaliyyəti də dayandırılmışdı. Bu gün səhərdən etibarən bir qədər təkmilləşdirilmiş sitemdən istifadə etdik. Könüllülər, polislər və klubun mülki geyimdə olan mühafizəçiləri həmin əraziyə nəzarət edir. Artıq 20 minədək bilet satılıb. Düşünürük ki, bu gedişlə sabaha qədər bütün biletlər bitəcək".
N.İbrahimov onu da əlavə edib ki, onlar klub olaraq sadəcə kassada satışa məsuliyyət daşıyır və kənar satışa mane olmaq üçün yalnız polisə müraciət edə bilər: "Hüquq-mühafizə orqanı olmadığımız üçün bizim heç kimi ərazidən fiziki güc yolu ilə uzaqlaşdırmağa ixtiyarımız yoxdur".
Qeyd edək ki, "Qarabağ" və "Seltik" komandalarının qarşılaşması avqustun 6-da saat 21:30-da start götürəcək.