Argentina millisinin DÇ-2014-ün yarımfinalına vəsiqə qazanması "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanovu xeyli sevindirib. Ramazanov İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı, Sportnet.az-ın informasiya dəstəyi və KOLİZEY İNŞAATın sponsorluğu ilə keçirilən FUTPROQNOZ yarışmasında Argentina və Belçika yığmaları arasında keçirilmiş 1/4 final matçının nəticəsini düz tapıb.
O, veteran futbolçu Oqtay Abdullayevlə mübarizədə qalib olub. Abdullayev qarşılaşmanın 2:1 hesabı ilə cənubi amerikalıların xeyrinə başa çatacağını dediyi halda, gənc hücumçu Belçikanın minimal hesabla uduzacağını bildirib. Bununla da Ramazanov ardıcıl ikinci oyunu düz taparaq, adını yarımfinalçılar sırasına yazdırıb. Onun rəqibi isə bu gecə Hollandiya və Kosta Rika milliləri arasında baş tutacaq qarşılaşmanın nəticəsini düz tapan iştirakçı olacaq. Həmin iştirakçılar AFFA rəsmisi Rüstəm Rəhimovla jurnalist Tural Xudiyev olacaq.
Ramazanov daha öncə hakim Fariz Yusifovla mübarizədə Belçika - ABŞ matçının əsas vaxtının 0:0 hesablı heç-heçə ilə yekunlaşacağını bildirib. O, 90 dəqiqəlik mübarizənin yekununda qalib olduğu üçün mərhələ adlayıb. Hazırda "Xəzər Lənkəran"ın heyətində Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplantısında olan futbolçu ardıcıl 2-ci "zərgər dəqiqliyi"ndən sonra Sportnet.az-a belə bir mesaj göndərib: "Mənim mükafatım nə olacaq? Artıq 2 oyundur cavabı düz tapıram".
Qeyd edək ki, FUTPROQNOZ yarışmasında ilk 3 yeri tutanlar KOLİZEY İNŞAATın hədiyyələri ilə mükafatlandırılacaqlar.