İdman Araşdırmalar Mərkəzinin təşkilatçılığı və KOLİZEY İNŞAAT-ın sponsorluğu ilə keçirilən FUTPROQNOZ yarışmasının yarımfinalçısı, ümummittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimovun Sportnet.az-a müsahibəsi
- FUTPROQNOZ yarışmasında finalın bir addımlığındasınız. Öncə bu yarışmanın gedişi barədə fikirlərinizi bilmək istərdik...
- Hesab edirəm ki, çox maraqlı yarışmadır. Mütəxəssislərin fikri, komandarın oyunlarını necə qiymətləndirməsi onların futbolla bağlı biliyindən asılıdır. İştirakçı komandaların ilboyu keçirdiyi oyunlarını izləyirdisə, burada diqqətli olmaq lazım idi. Hesab edirəm ki, burada ən çox xal toplayan adam da futbolu dərindən bilməlidir ki, yarışmada da oyunun nəticələrinə uyğun düzgün qərarlar versin.
- Yarışmada düzgün proqnoz vermək üçün hesabını əvvəlcədən düşündüyünüz oyun olub?
- Təbii ki. Orada gözlənilməz nəticələr vardı. Elə komandaların oyunları vardı ki, gözlənilməz hesablar da olurdu. Belə deyək, çempionatın surpriz komandaları. Amma mən elə ilk gündən demişdim, 4 komandanı nəzərdə tutmuşdum ki, onlar çempionatın favoritləri olacaqlar: Braziliya, Argentina, Almaniya, Hollandiya. Mənim dediklərim də yarımfinala çıxdılar. Təbii ki, Braziliya yığmasında Neymarın zədə alması, Tyaqo Silvanın cəzalı duruma düşməsi və nəticədə hər ikisinin Almaniuya ilə oyunu buraxması onların vəziyyətini çətinləşdirdi. Amma mənim üçün çempionatın ən fərqlisi Hollandiya yığmasıdır. Hətta düşünürəm, ola bilər ki, "narıncılar" tarixlərində ilk dəfə dünya çempionu da olsun.
- Yarımfinala keçəcəyinizi düşünürdünüz?
- Yox, gözləmirdim. Fikirlərimi deyirdim, nəticə də dediyim proqnozlarla üst-üstə düşdü. Mənə yaxşı təsir bağışladı, siz mənə şad xəbər verdiniz ki, yarımfinala çıxmışam. Çalışaram ki, finala düşüm. Sonra isə axırda yenə öz fikirlərimi bildirim.
- Bu mərhələdən sonra ən azı 3-cü yerə çıxa bilərsiniz. Rəqibiniz isə "Xəzər Lənkəran"ın futbolçusu Ağabala Ramazanovdur...
- Çox gözəl, cavan futbolçudur. Mənimlə onun fikirlərinin üst-üstə düşməsi də çox maraqlıdır.
- Qızıl xal prinsipinə görə, rəqibdən geridəsiniz. Sizcə, hesabı düzgün tapıb, qalib gələ biləcəksiniz?
- Çalışacağam ki, qalib gəlim.
- Ölkəmizin müstəqillik tarixində ilk dəfə keçirilən yarışmada iştirak Sizə nə verdi?
- Bu yarışmada hamımızın - futbol funksionerləri, jurnalistlər, hakimlər, futbolçular və veteranların iştirakı məndə çox xoş təsir bağışladı. Çox xoş təsir bağışladı ki, belə bir müsabiqə keçirirsiniz. İstərdim ki, bu layihəniz gələcəkdə də həyata keçirilsin. Maraqlı layihədir. Bizim üçün də maraqlıdır ki, fikirləşirik, oyunlara baxırıq. Bilirik ki, siz zəng edib oyunun hesabını soruşacaqsınız, artıq istər-istəməz özümüzü yığışdırırıq. Sizə - bu müsabiqəyə uğurlar arzulayıram. Arzu edirəm ki, ən güclüsü qalib gəlsin.
Sevinc XANQIZI