Azərbaycanın 17 yaşadək qızlardan ibarət milli komandasının (U-17) sabiq baş məşqçi Zamin Əsədullayevin Sportnet.az-a müsahibəsi...
- Çoxları millidən ayrılma səbəbinizi bilmir. Nə baş vermişdi?
- Ümumiyyətlə, mən emosional insanam, bu da çoxlarının xoşuna gəlmir. Millidən ayrılma səbəbi ilə bağlı AFFA rəsmi açıqlama vermişdi. İşimdə yol verdiyim ciddi nöqsanlara görə müqaviləmə xitam verildi. Amma ayrıldıqdan sonra psixoloji baxımdan çox rahat oldum. Son zamanlar dözə bilmirdim, əsəblərim tarıma çəkilmişdi. Artıq keçmişdən danışmaq istəmirəm. Çünki bir çox məsələlər yadıma düşür, yenə əsəbiləşirəm.
- Sizi əsəbiləşdirən uşaqlarla, yoxsa sırf qızlarla işləməkdir?
- Uşaqlarla iş təcrübəm çoxdur. Sırf qızlarla işləmək məni yormuşdu. Əsasən də baş məşqçi olduğum son komanda, yəni U-17. Bunu mənə yaxın olanlar da bilirdi ki, onların işə yanaşmaları məni çox əsəbiləşdirirdi.
- Bu, qadın - kişi psixologiyasının fərqli olmasından irəli gəlir?
- Deməzdim belədir. 10 ildən çox qızlarla işləmişəm. Heç vaxt belə bir problem olmamışdı.
- Elə isə problem həmin qızlarda olub?
- Mən onların problemlərindən danışmaq istəmirəm.
- İki il öncə millinin qızları haqqında bəzi söz-söhbətlər yayıldı. AFFA-nın baş katibi Elxan Məmmədov da belə bir şey olduğunu və həmin kəslərin millidən uzaqlaşdırılacaqlarını bildirilmişdi. Bunlar doğru idi? Bəlkə Sizi əsəbləşdirən elə bunlar idi?
- 2 il öncə nə deyiblərsə, mənim yadımda deyil, çünki hər il, hər ay bir şey deyilirdi... Elxan bəyin nə dediyini də bilmirəm. Bir az açıqlamağınızı istərdim.
- Millidə "lezbiyanka” futbolçuların olması... Hətta illər öncə millinin keçmiş üzvlərindən Nərgiz Paşayeva müsahibəsində "Belə şeylər həmişə olub və olacaq" demişdi. Bu, nə dərəcə doğrudur?
- Nərgiz deyibsə, deməli, nəsə bilib deyib, mən dəqiq heç nə də deyə bilmərəm. Qaldı ki, homoseksualizm məsələsinə, bu barədə heç danışmaq istəmirəm. Nərgiz Paşayeva mənim tələbəm olub. O, da sözü elə-belə deməz. Xasiyyətini bilib deyirəm. Nəsə deyibsə, demək, bilib deyib.
- Tam olaraq "hə" deməsəniz də, bəzən susmağın özü razılıq əlamətidir. Bu məsələ gündəmə gələndə baş məşqçi kimi araşdırıb nəsə tədbirlər gördünüz?
- Mən bu məsələləri bilən kimi mübarizə aparmışam. Bu, həm də AFFA rəhbərliyini qıcıqlandıran məsələ olub. Amma elə şeyler var ki, bu, nə baş məsqçidən, nə də AFFA rəhbərliyindən asılıdır. Götürək elə bizim yaşadığımız cəmiyyəti. Ətrafımızda o qədər bu cür insanlar var ki... Elə danışırsınız ki, guya ancaq qadın millisində belə şeylər olub. TV-də yayımlanan bəzi şeylərə baxanda, telekanalların rəhbərliyinə də deyək ki, bunlarla mübarizə aparsınlar?!
- Baş məşqçi həm pedaqoq, həm psixoloq, həm də valideyn kimi olmalıdır. Ən azı, cəmiyyətin çox faizini olmasa da, yaxınımızda olan 17 yaşlı qızcığazları yanlışdan çəkindirmək olardı...
- Mən sizinlə razıyam. Amma dediklərinizi hər zaman həyata keçirmək olmur. Mən belə qızları bu yoldan ayırmağa çalışmışam, ayıra bilməyəndə isə komandadan qovmuşam. Bundan artıq nə etməliydim?! Qaldı ki, pedaqoqluğa, mən heç də pis pedaqoq olmamışam. Yenə deyirəm: bu mövzuda artıq danışmaq istəmirəm. İndi konkret deyəcəyəm: Bu şeyləri yığışdırmaq istiyirsinizsə, qadın futbolunu, hokkeyi, həndbolu Azərbaycanda bağlamaq lazımdır. Bu da kömək edəcəksə. Amma belə pis yolda olanlar SSRİ-nin vaxtından olub, var, olacaq da.
- Yenidən hansısa komandaya baş məşqçi getsəniz, bunun qız ya oğlan komandası olması sizə uyğun olar?
- Qızlarla işləməyəcəyəm, çünki bunu AFFA rəhbərliyi də istəmir. Böyük komandadan təklif gəlsə işləyəcəyəm və hazırda da danışıq gedir. Yəqin xaricdə işimi davam etdirəcəyəm. Çünki bu, daha real görünür. Amma Allahın işini bilmək olmaz.
- A kategoriyasını belə oxumusunuz. Niyə Azərbaycanda sizə iş tapmaq çətindir?
- Bunun obyektiv və subyektiv tərəfləri var, amma bu barədə hələ danışmaq istəmirəm. Hazırda Səbail rayon uşaq gənclər idman məktəbində məşqçi-müəllim vəzifəsində çalışıram və rəhbərlikdən də, işimdən də razıyam. Demək olmaz ki, işsizəm.
- Qarşıdakıı planlarınız nədən ibarətdir?
- Avqustun əvvəlində İranın paytaxtı Tehrandakı Damas futbol akademiyasının rəhbərliyi məni dəvət etdi. Akademiyada 1000-dən çox uşaq futbolla məşğul olur, böyük yaşlı uşaqlar isə Tehranın 2-ci liqasında oynayırlar. Komandanın baş məşqçisi isə (1998-ci ildə dünya çempionatında İran millisinin qapıçısı olmuş Nima Nakisadir ). 8 gün danışıqlar getdi və mənə Tehran Damas futbol akademiyasının müdir vəzifəsi təklif olundu. Tehranın Futbol Federasiyasının sədri cənab Shirazi ilə görüşüm oldu. Amma müqavilənin şərtləri məni qane etmədi və sonda"yox" cavabı verdim.
- Sizi qane etməyən nə idi ki?
- Gedəndə düşünürdüm ki, yavaş-yavaş uyğunlaşaram. Amma adı çəkilən klubun məkanı və mənə təklif olunan evlər lap cansıxıcı yerdə idi. Gördüm orada uzun müddət qala bilməyəcəyəm. Klub rəhbərliyi isə elə düşündü ki, mən pula görə imtina edirəm və miqdarı qaldırdılar. Ancaq onlara anlatdım ki, söhbət puldan getmir.
Röya KƏRİMLİ