
Rusiya Peşəkar Futbol Liqasının qərarına əsasən, II Divizion təmsilçiləri bütün oyunlarını klubun rəsmi internet saytı vasitəsilə mətn şəklində canlı yayımlamalıdırlar. Bu, tövsiyə deyil, tələbdir. Məqsəd aşağı liqaların oyunlarına marağın artırılması, oyunlara gedə bilməyən mətbuat nümayəndələrinin işinin asanlaşdırılması və ümumilikdə, futbolun inkişafıdır. Bəs Azərbaycanda?
Sportnet.az bununla bağlı sorğu aparıb. Məlum olub ki, ölkəmizdə nəinki I Divizion, heç Premyer Liqa klubları oyunlarını canlı yayımlamırlar. Bir-iki klubu çıxmaq şərti ilə. Yalnız "Qarabağ"ı çıxmaq şərtilə qalanları video yayım verirlər. Amma burda söhbət konkret mətn yayımından gedir.
Gündüz Abbaszadə ("Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "Saytımızda yaranmış texniki problemləri artıq həll etmişik. Bir kamera ilə çəkiliş aparıb qarşıdakı oyunlarımızı saytımızda canlı yayımlayacağıq. Mənə elə gəlir ki, videoyayım varsa, mətnlə reportaja ehtiyac yoxdur. Amma istənilən halda oyunu mətnlə də yayımlaya bilərik”.
Şamo Quliyev ("Rəvan”ın mətbuat xidmətinin rəhbəri): "Əslində, 2014/2015-ci illər mövsümdə oyunlarımızı rəsmi saytımız vasitəsilə canlı yayımlamağı düşünürdük. Lakin Premyer Liqanı tərk etməyimiz gələcəklə bağlı planlarımıza da təsir etdi. Üstəlik, oyunları yayımlamaq üçün gərək şərait də olsun. Bu mənada I Divizion klublarının əksəriyyətinin ev oyunlarını keçirdikləri stadionlarda problemlər var. Birində internet yoxdur, digərində çəkiliş aparmaq üçün normal yer. Hələlik oyunlarımızın videoicmalını rəsmi sayta yerləşdirməklə kifayətlənirik. Ancaq cari mövsümdə ən azı ev oyunlarımızı yayımlamaq kimi bir niyyətimiz var”.
Aslan Şahgəldiyev (PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): "Səhv etmirəmsə, Rusiyada hətta belə bir qayda da var idi ki, klubun internet saytı yoxdursa, çempionata buraxılmasın. Bir neçə il bundan əvvəl bu, əsas şərt kimi göstərilmişdi. Amma bizdə əsasnamədə konkret belə bir bənd yoxdur ki, oyunun yayımı mütləq şəkildə sayt vasitəsi ilə verilməlidir. Ona görə klublardan bunu tələb edə bilmərik. Buna baxmayaraq, gələcəkdə bu məsələ Peşəkar Futbol Liqası və klubların rəhbərlikləri səviyyəsində razılaşdırıldıqdan sonra həllini tapa bilər. Bizdə hazırda oyunu canlı yayımlayan klublar var. Növbəti mövsümlərdə aparacağımız müzakirələrdən sonra bu məsələyə baxarıq".
Göründüyü kimi, klubların mətbuat sahəsinə cavabdeh şəxsləri ev oyunlarının işıqlandırılmasında elə də fəallıq göstərmirlər. Çox güman ki, onlar bu işi daha çox KİV əməkdaşlarının görməli olduqlarını düşünürlər. Amma "komanda.az"ın redaktoru Natiq Muxtarlı hesab edir ki, problemin kökü daha dərindədir: "Bu praktikanı tətbiq etmək üçün əvvəlcə bizdə peşəkar çempionat, Peşəkar Futbol Liqası, peşəkar futbol federasiyası, peşəkar klublar olmalı və peşəkar çempionat keçirilməldir. Ondan sonra hansısa yayımdan danışa bilərik. İndiki halda bizdə Peşəkar Futbol Liqasının adı ancaq kağız üzərində var. Bütün klublarımızın da qeyri-peşəkar şəkildə fəaliyyət göstərmələrini hamı bilir. Rusiya futbolu Avropa səviyyəsində olmasa da, Azərbaycanla müqayisədə çox inkişaf edib, bizimkindən qat-qat üstündür. Bizim Rusiya futboluna çatmağımız üçün azı 10 il vaxt lazımdır. İndiki idarəçiliklə buna, ümumiyyətlə, çata bilmərik. Bu, birmənalıdır. Üzeyir Hacıbəyovun bir felyetonu var: Müsəlmanlar eşidirlər ki, avroplalılar fil düzəldiblər, yığışıb başlayırlar fil düzəltməyə. Görürlər ki, alınmır, keçirlər dəvə düzəltməyə. Bu da alınmır, məcbur olub siçan düzəldirlər. İndi biz də əvvəlcə siçanı düzəldək, ondan sonra fildən danışarıq. Bizim peşəkar futbol təsrərrüfatımız yoxdur, klublarımız, federasiyamız peşəkar deyil, peşəkar səviyyədə yayım tələb edirik. Uşaq futbolu qaydasında olmayan bir klubdan mən necə tələb edim ki, oyunun mətnlə yayımını ver. Əvvəlcə siçanı düzəltmək lazımdır. Onsuz da Azərbaycan futboluna baxan yoxdur. Televiziyadan göstəriləndə də heç kim baxmır".
Elvin ƏHƏD