Cüdo üzrə kişilərdən ibarət Azərbaycan millisinin böyük məşqçisi, 60 kq çəki dərəcəsində üçqat Avropa çempionu Elçin İsmayılovun Sportnet.az-ın Gürcüstanın paytaxtı Tbilisiyə ezam olunmuş əməkdaşına müsahibəsi
- Tbilisidəki Avropa çempionatının ilk günündə 60 kq çəki dərəcəsində Azərbaycanın iki iddialı cüdoçusu bir-biri ilə görüşərək, bürünc medalçını müəyyənləşdirdi. Bu, gözləntilərinizlə nə dərəcədə uzlaşdı?
- Son iki yarışda Balabəy Ağayev qızıl və gümüş, Əhməd Yusifov isə qızıl medal qazanmışdı. Yenə 60 kq-dan iki medal gözləyirdik. Hərçənd, Yusifovda zədə var idi. Amma açığı, gözləyirdik ki, Daşkənd Böyük Dəbilqəsindəki kimi, finalda üz-üzə gələcəklər. Düşünürəm ki, Əhmədin 1/4 finalda Fransa təmsilçisi Luka Mxeidzeyə qarşı istədiyi kimi mübarizə apara bilməməsinə zədəsi mane oldu. Amma sonradan özünü toparlayaraq, sonda bürünc medal qazandı.
- Balabəy Ağayevin gürcüstanlı Giorgi Sardalaşvili ilə görüşündə hakimlik məsələsi böyük səs-küy yaratdı. Bir məşqçi kimi fikirləriniz necədir?
- Mən həmin vaxt tataminin kənarında idim. Özü arxası üstə düşsə də, orada nəzarət yox idi. Nəzarətsiz fəndi necə işlətmək olardı? O baxımdan düşünürəm ki, orada xal yox idi. Həm də xalı vaxtında yox, 20 saniyə sonra verdilər. Halbuki rəqibə xal vaxtında verilsəydi, Balabəy bəlkə də başqa cür çıxış edəcəkdi. Bundan da əlavə, hakim xəbərdarlıq verir, yalandan fəndə girir, orta hakim xəbərdardlığı ilə xəbərdarlığı sildirirlər. Orada xal olsaydı, Balabəy görüşün qalibi ola bilərdi.
- 60 kq çəki dərəcəsində son Avropa çempionu 2001-ci ildə siz olmusunuz...
- Bəli, o vaxtdan 25 il keçib. İnanıram ki, tezliklə yeni Avropa çempionumuz olacaq. Çünki Əhməd Yusifov və Balabəy Ağayev əvvəlki çıxışlarına nəzərən daha təcrübəli, daha sərbəst və daha rəngarəng mübarizə aparırlar. Ümid edirəm ki, gələn il 60 kq-da da Avropa çempionumuz olacaq.
- Bu il Balabəy Ağayevin yarımfinalda uduzaraq sonda medalsız qalması, dünya çempionatında Nizami İmranovun məsələsini xatırlatdı...
- Düzdür, razıyam. Orada da eynu ssenari olmuşdu. Bu, elə vəziyyətdir ki, bundan sonra idmançı özünü bərpa edə bilmir.
- Düşünmürsünüz ki, Ağayevin medalının olmamasına psixoloji durumu mane oldu?
- Ola bilər, amma Əhməd onunla eyni gücdə idi. Eyni səviyyədə döyüşsələr də, o, istədiyi kimi güləşə bilmədi. Fərq etmir. Əhməd, Balabəy. Biz onların məsələsinə qarışmırıq.
- Ötən il də qızıl medal olmadı. Bu il kim ola bilər, əsas namizədlər kimlərdir?
- 73 kq çəkidə Hidayət Heydərov var. Çəkisi də qaydasındadır. Yaxşı formada gəlib. O, yarışdan bir gün öncə çəkisalma məşqi etmədi.
- Danil Lavrentyev və Manuel Lombardonun olmaması işləri asanlaşdırır?
- Xeyr. Məncə, Hidayət formada olsa, hamısını məğlub edər.
- Qızıl medal gözləyirsiniz?
- 81 kq-da da gözləyirik, 90 kq-da Murad Fətiyev finala çıxıb axırıncı yarışdakı kimi çıxış etsə, qazana bilərik. Buradakı atmosfer tamamilə fərqlidir. Gürcü ilə güləşməyin necə də çətin olduğunu görürük. 100 kq-da da Zelim Kotsoyevlə bağlı eyni situasiyadır.
- Sizcə, Balabəy Ağayevin gürcü cüdoşu ilə görüşü başqa ölkədə keçirilsə idi, rəqibin xeyrinə o vəziyyətdə vaza-ari xalı verərdilər?
- Xeyr. Gürcüstandan başqa heç yerdə o qərarı verməzdilər.
Elşən MƏMMƏDOV, Tbilisi














































































