"Bizim üçün nəticələr qənaətbəxş alındı, lakin bəzi hallarda medalların əyarı daha yüksək ola bilərdi".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatının yekunları barədə yarışa ezam olunmuş jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycan idmançıları yarışda ümumilikdə yaxşı çıxış ediblər: “Bizim üçün nəticələr qənaətbəxş alındı. Ümumilikdə yaxşı nəticə göstərildi. İdmançılarımız bir gümüş və üç bürünc medal əldə etdilər. Amma nəticələr qızıl medal səviyyəsində də ola bilərdi. Azərbaycan cüdoçuları yüksək səviyyəli idmançılardır və beynəlxalq arenada güclü rəqabət mühiti mövcuddur. Əlbəttə, medal qazanan idmançılarımız çox güclüdürlər. Bu gün həm Avropada, həm də dünyada bütün idmançılar böyük əzmkarlıqla çalışırlar. Bizim idmançılar kimi digər ölkələrin də istedadlı nümayəndələri yarışlarda iştirak edirlər”.
Bağırov 4 - 11 oktyabrda Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan idmançılarının daha yaxşı nəticələr göstərəcəyinə inam ifadə edib: “Biz əminik ki, Bakıda keçiriləcək dünya çempionatında daha uğurlu çıxış edəcəyik. Doğma azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verəcək və daha yüksək nəticələr əldə etməyimizə kömək olacaq. Dünya çempionatı ən yüksək səviyyəli yarışdır, lakin fikrimcə, idmançılarımız artıq çox yaxşı güləş nümayiş etdirirlər".
Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyevin (100 kq) hakim haqsızlığı ilə üzləşməsindən bəhs edən ACF rəsmisi idmanda bəzən ədalətsiz qərarlarla rastlaşmağın mümkün olduğunu vurğulayıb: “Ümumiyyətlə, həyatın özü kimi idmanda da bəzən haqsızlıqlar ola bilir. Hakimliklə bağlı hər hansı şərh bildirmək istəmirik. Biz daha güclü olmalıyıq. İdmançı haqsızlıqdan çox öz çıxışını təhlil etməlidir. İdmançılar bütün çətinliklərə hazır olmalı və yalnız rəqibləri deyil, ümumi yarış şəraitini də nəzərə almalıdırlar. Belə hallar hər yarışda baş verə bilər. Ona görə də biz hər zaman ən çətin vəziyyətlərə hazır olmalıyıq. Cüdoda qaydalar elədir ki, biz indi etiraz bildirsək də, nəticə dəyişməyəcək. Teddi Rinerin dünya çempionatının finalındakı medalı bölüşdürməsi Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin müdaxiləsindən sonra baş verdi. Sadəcə, bizim idmançılar çıxış edəndə və sizin fikrinizcə, haqsızlıq olanda son görüşlər deyildi. Hidayət Heydərova final görüşündə üçüncü cərimə xalı verilməyə də bilərdi. Necə deyərlər, 50/50 nisbətində situasiya idi. Yerli idmançıya hakimlər daha çox üstünlük verirlər. Məncə, Balabəy Ağayevə daha çox haqsızlıq edilmişdi. Amma o hisslər ürəyimdə qalacaq. Hakimlərlə bağlı şərhim yoxdur".
O, bəzi görüşlərdə mübahisəli epizodların olduğunu da qeyd edib: “Müəyyən müzakirələrdən sonra belə nəticəyə gəldik ki, verilən qərarların nəticəni dəyişmək imkanı yoxdur. Ona görə də əsas məqsədimiz gələcək yarışlarda bu cür halların qarşısını almaqdır. İdmançılar belə hallarda diqqəti öz üzərlərinə yönəltsinlər və ilk növbədə öz hazırlıqlarını təhlil etsinlər. Zelim Kotsoyevin yarımfinal görüşündə qadağan olunmuş fənddən istifadə edildiyi bildirildi. Lakin son illərin praktikasına baxdıqda, bu cür hallara görə idmançının diskvalifikasiya edilməsi və ya ciddi cəzalandırılması nadir hallarda müşahidə olunur".
Bağırov millinin çıxışından razılığını dilə gətirib: "Avropa çempionatında 46 ölkə iştirak edir. Yekunda çox az komanda 4 medal çıxışını bitirib. Bu, doğrudan da yaxşı nəticədir. Məni sevindirən əsas məsələ medallar yox, idmançıların dünya çempionatı öncəsi görüşlərə yanaşmaları və sərgilədikləri çıxışlardır. Komandamız çox gözəl yarışdı. Ümid edirəm ki, gələcəkdə bundan da yaxşı nəticələrimiz olacaq. Nəticələr baş məşqçi Riçard Trautmanla təhlil olunacaqmı? Bu suala baş məşqçinin özü cavab verəcək".
















































































