"İnter”in prezidenti Georgi Nikolovun Sportnet.az-a müsahibəsi
"Biri var kağız üzərində büdcə, biri də var büdcəyə riayət etmək"
- Mövsümün bitiminə 1 tur qalsa da, artıq yekun vurmaq olar...
- Çoxları üçün "İnter”in çempionatı gümüş medalla başa vurması gözlənilməz olsa da, mən uğurlu finişə inanırdım. Bəli, çempionata faciəvi başladıq. Turnir cədvəlinin son pillələrində qərarlaşmışdıq. Lakin komandama yaxşı bələdəm, futbolçuların potensialı, məşqçimizin bacarığına arxain idim. Əlbəttə, çempion olmağımızı istəyirdim. Ancaq hesab edirəm ki, layiq olduğumuz yeri tutduq. Ölkə Kubokuna gəlincə, qismətdən artıq yemək olmaz. "Neftçi” səddini aşa bilmədik. Onlar bizdən üstün idilər və iki oyuunun nəticəsinə əsasən, mərhələ adladılar.
- Mövsüm start götürməzdən öncə mətbuat klubları büdcələrinə görə kateqoriyalara bölürdü. Ən imkanlıların sırasında "Xəzər Lənkəran”, "Neftçi”, "Qarabağ”, "Qəbələ”, "Bakı”nın adları hallansa da, komandanız ilk 3-clüyə düşməyi bacardı...
- Razılaşa bilmərəm. Biz dilənçi vəziyyətində deyilik. Klubumuzun sponsorları var. Onlar bizə hərtərəfli dəstək verirlər. Bilirsiniz, istənilən büdcəni yazmaq olar. Ancaq biri var kağız üzərində büdcə, biri də var büdcəyə riayət etmək. Biz göstərilən büdcəyə uyğun hərəkət edirik və nəzərdə tutulan vəsaiti vaxtı-vaxtında lazımi istiqamətdə xərcləyirik.
"Açıq futbol tövsiyəmiz acı fəsadlarını verdi"
- Bu fikirlə razısınız ki, ötən mövsüm başa çatdıqdan sonra heyətdə köklü dəyişiklik etməyiniz, çempionata uğursuz başlamağınızın səbəbi oldu?
- Razıyam ki, bu dəyişiklik uğursuzluğumuzun səbəblərindən biri oldu. Lakin başlıcası deyildi. Düşünürəm ki, çempionatın startında əsas iki problemlə üzləşdik. Avropa Liqasına çox ciddi hazırlaşmışdıq. "Tromse” bizdən güclü deyildi. Hamımız inanırdıq ki, norveçliləri keçə biləcəyik. Emosiyalarımızın zirvə həddində həmin görüşlərin nəticəsinə görə məğlub olduq. Üstəlik kuryoz nəticəsində "Tromse” avroliqanın qrup mərhələsinə düşdü. Yəni onların yerində biz ola bilərdik. Psixoloji cəhətdən bu, bizə çox pis təsir etdi. Sanki quyuya düşdük. Bax, başlıca səbəb bu idi. Daha bir məqam isə klub rəhbərliyinin məşqçiyə tövsiyəsi ilə bağlı oldu. Biz ona daha açıq futbol oynamağı tövsiyə etdik ki, nəticədə komanda dəst-xəttini dəyişdi. Bu da öz növbəsində acı fəsadlarını verdi. Yeddi turdan sonra biz baş məşqçiylə görüşdük və uğursuzluğu aradan qaldırmaq üçün ona istədiyi dəst-xətti seçmək imkanı yaratdıq. Tsxadadze də yenidən adət etdiyiniz "İnter” üslubunda oyuna üstünlük verəcəyini bildirdi. Gördüyünüz kimi, nəticədə uğur qazana bildik.
- Azərbaycanda belə bir problem var. Futbolçularla müqavilə 1, uzağı 2 illiyinə bağlanır. Nəticədə, klub özünü yaxşı tərəfdən göstərmiş oyunçunu mövsümün sonunda sıralarında saxlaya bilmir. Bu sahədə "İnter” də istisna deyil.
- Burada hər iki tərəfin günahı var. Klub qorxur ki, futbolçu formasını itirə, karyerasını bitirə, zədə ala bilər. Fuutbolçu isə məşqçi dəyişikliyindən, hansısa daxili problemdən çəkinərək, uzunmüddətli müqavilə imzalamaq arzusunda olmur. Nəticədə də siz deyən hallar yaşanır.
- Bunun qarşısını almaq üçün hansısa əməli addımlar atmağı düşünürsünüz?
- Ötənilkindən fərqli olaraq, bu dəfə heyətdə ciddi islahatlar aparılmayacaq. Səhər saatlarında Kaxayla danışmışıq. Məşqçimiz bir neçə mövqeyi gücləndirmək istədiyini bildirib. Yəqin ki, 4 yeni futbolçuyla anlaşacağıq.
"Vaqif Cavadov azad rəssamdır"
- Georgi Nikolayeviç, bax bu cür qısamüddətli müqavilələr elə rəhbəri olduğunuz kluba da başağrısı gətirir. Götürək Vaqif Cavadov nümunəsini. Neçə müddət idi ki, istedadlı futbolçu özünü göstərə bilmirdi. Lakin cari mövsümdə "İnter”in sıralarında parladı. Dərhal ona elçi çıxdı. Deyilənə görə, mövsüm bitdikdən sonra Cavadov komandanızdan ayrılacaq.
- Sözünüzə qüvvət, Vaqiflə 1 illik müqavilə bağlamışdıq. Məşqçilər korpusu da, mən də Cavadovdan razıyıq. Növbəti mövsüm üçün müqavilə bağlanması üçün müvafiq sərəncamımı vermişəm. Ona şərtlərimizi bildirəcəyik. Doğru qeyd etdiniz ki, millinin futbolçusu "İnter”də əski günlərini xatırlatmağa başladı. Bunda Tsxadadzenin böyük əməyi var. Çünki Vaqif azad rəssamdır. Məşqçimiz də ona sərbəst hərəkət etməyə imkan yaradır. Cavadov standart futbolçu deyil. O, ancaq qeyri-adi futbolu sevir. Özü də qol vurur, komanda üçün də faydalı iş görür.
- Beynəlxalq praktikada futbolçu mövsümün gedişatında müqavilə müddətini uzatmaqdan boyun qaçırırsa, onu ehtiyatda otuzdururlar və çempionatın sonuna ona tələbat olmur.
- Bu, çirkin oyundur. "İnter” belə bir addım atmayıb, atmayacaq da.
"İnter" heç vaxt 36 qol buraxmayıb"
- Yuxarıda qeyd etdiniz ki, sıralarınızı 4 futbolçuyla gücləndirmək niyyətindəsiniz. Üstünlüyü xaricə bazara verəcəksiniz?
- Nəzərə alsaq ki, gələn ildən legioner limiti 6+5 olacaq, ilk növbədə yerli bazara üstünlük verəcəyik. Əlbəttə, əcnəbilər də maraq dairəmizdə olacaqlar.
- Hansı xətləri gücləndirməyə ilk növbədə zərurət duyulur?
- Tsxadadze hücumçu almaq istəyir. Müdafiəmiz də məni qane etmir. Turnir cədvəlinə diqqət yetirin, komandamız 36 top buraxıb. Tarix ərzində "İnter” heç vaxt bu sayda qol buraxmamışdı. Yəqin ki, mərkəzi də gücləndirəcəyik.
- Nəzərə alsaq ki, legioner limiti dəyişdiriləcək, bir sıra əcnəbilərlə yolları ayıracağınızı gözləmək olar...
- Elədir ki var. Ancaq çempionat başa çatmayınca konkret ad açıqlamaq etikadan kənar olar.
- Komandanızı Avropa Liqası gözləyir. Qarşınıza hansı məqsədi qoymusunuz?
- Ağrılı yerimizdi. "İnter” qitəmiqyaslı yarışlara tez-tez düşür, lakin təəssüf ki, istədiyimiz nəticəni ala bilmir. İndiyədək ən yaxşı halda 1 mərhələ adlamışıq. Məqsədlərə gəlincə, minimum 2 mərhələni adlamağı planlaşdıracağıq. Əlbəttə qrup mərhələsinə çıxsaq, bu, bizim üçün bayram olar.
Ceyhun ƏLİYEV