"Qəbələ”nin futbolçusu Daniel Subotiçin Sportnet.az-a müsahibəsi
- Bu gün mövsümün son matçına çıxacaqsınız. Sizcə, "Qəbələ” 3-cü pillədə qərarlaşa biləcəkmi?
- Bəli, biz 3-cü yer üçün savaşacağıq. İnanırıq ki, bu matçda 3 xal qazanmağa gücümüz çatacaq.
- Rəqibiniz "Sumqayıt” hərdən güclü komandalara qarşı sürpriz nəticələr edə bilir. Qorxmursunuz ki, sizi məğlub edə bilərlər?
- Xeyr, "Sumqayıt”dan qorxmuruq. Düzdür, birinci oyunda bizi də məğlub edə bilmişdilər, amma bu dəfə biz qazanacağıq. Bilirsiniz, "Sumqayıt” təccübləndirməyi bacaran komandadır. Bəzən yaxşı oynayırlar, bəzən zəif. Hesab edirəm ki, biz öz oyunumuzu oynaya bilsək, qələbə qazanacağıq.
- Sizcə, baş məşqçiniz bu matçda əsas heyətlə meydana çıxacaq, yoxsa daha çox gənclərə şans verəcək?
- Əminəm ki, baş məşqçimiz əsas heyətlə meydana çıxacaq. Çünki 3-cü pillə üçün mübarizə aparacağıq. Ona görə də, burada gənclərə şans vermək üçün heç bir səbəb yoxdur. Əsas heyət oyunçularımız da yaxşı vəziyyətdədir.
- Sizin 3-cü pilləyə yüksəlməniz üçün "Neftçi” də "Simurq” qarşısında xal itirməlidir. Bu barədə nə deyə bilərsiniz?
- Bunu əvvəlcədən bilmək çox çətindir. Amma "Simurq” da güclü komandadır və öz azarkeşləri qarşısında meydana çıxacaq. Biz əsasən, öz oyunumuza köklənmişik. Ümid edirik ki, "Neftçi” də Zaqatalada xal itirəcək.
- Bəzi məlumatlara görə, "Neftçi” bu matçda bilərəkdən məğlub olub, sizə 3-cü pilləyə yüksəlmək imkanı yaradacaq. Bu fikirlərlə razısınız?
- Xeyr, heç bir halda razılaşmıram.
- "Neftçi” ilə Azərbaycan Kubokunun finalında qarşılaşacaqsınız. Rəqibiniz bu mövsüm elə də ürəkaçan oyun sərgiləyə bilmir. Sizcə, "Qəbələ” bu matçda rahat qalib ola bilər?
- "Qəbələ” – "Neftçi” matçları çox maraqlı keçir və deyərdim ki, derbi ab-havasında olur. Çari mövsümdəki oyunlarımızı xatırlasaq, görərik ki, iki komanda arasında çox gərgin, çox həyəcanlı matçlar olub. Onların bu mövsüm yaxşı oynamaması bizim üçün üstünlükdür. Amma yenə də bilmək olmaz. Çünki "Neftçi” böyük klubdur və finallarda var gücünü ortaya qoya bilir.
- Cari mövsüm bəzi matçlarda özünüzü yaxşı tərəfdən göstərə bilmədiniz və eşitdiyimizə görə, baş məşqçiniz Yuri Syomin də Sizdən narazı oldu. Buna səbəb nə idi?
- Bu mövsüm, demək olar ki, "Qəbələ”nin bütün oyunlarında meydana çıxdım. Təbii ki, bu da mənim üçün çətin idi. Bəzən çox yorğun olurdum. Amma onu da əminliklə deyə bilərəm ki, kubokun finalında əlimdən gələnin ən yaxşısını edəcəyəm.
- Klubunuzla müqaviləniz nə vaxt başa çatır?
- Bu mövsümün sonu.
- Müqavilənizin vaxtının uzatmaqla bağlı rəhbərliklə danışıqlar aparmısınız?
- Açığını desəm, indiyədək rəhbərliklə bu barədə danışmamışıq. Hələ ki bunları düşünmək də istəmirəm. Ancaq qarşıdakı "Sumqayıt” və "Neftçi” matçlarına köklənmişəm. Bu matçlardan sonra, təbii ki, görüşüb söhbət edərik.
- Ümumiyyətlə "Qəbələ”də qalmaq, yoxsa karyeranızı Avropa klublarında davam etdirmək istəyirsiniz?
- Düzü, "Qəbələ”də qalmaq istərdim. Burada daha 2-3 il oynamaq arzusundayam. Gözəl bir mövsüm keçirirəm və hər şey də mənim üçün yaxşıdır.
-Hazırda Premyer Liqada güclü futbolçulardan birisiniz. Digər Azərbaycan klublarından da təklif almısınız?
-Xeyr, mənə yerli klublardan təklif gəlməyib.
Elmar VƏLİYEV