Quba Olimpiya Kompleksinin direktoru Azər Sapayev idman qurğusunun hazırkı durumu ilə bağlı müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Hazırkı mürəkkəb iqtisadi durumda belə böyük idman qurğusunu saxlamaq çətin deyil?
- Əlbəttə, çətindir. Bizim kompleks təsərrüfat hesablıdır. Yəni özümüz-özümüzü dolandırmalı, bütün problemləri kollektiv olaraq yoluna qoymalıyıq. Bir müddət əvvəl kompleksin bağlanması gündəmə gəlmişdi. Ancaq oturub fikirləşdik, gəlir-çıxarı müzakirə etdik. Belə qənaətə gəldik ki, səylə çalışsaq, idman qurğusundan səmərəli istifadə etsək, kompleksi öz gücümüzə saxlaya bilərik. Gördüyünüz bu kompleksdə 50-dən çox işçi çalışır. Bağlamaq, dağıtmaq çox asandır. Bunu etmək bir saniyənin işidir. Ancaq belə böyük kollektivi işlə təmin edib, vaxtında maaşını vermək, bununla yanaşı, kompleksi də yüksək səviyyədə saxlamaq çətindir. Hələ ki çalışırıq etimadı doğruldaq, Qubanın fəxri olan belə obyekti qoruyub saxlayaq. Hazırda kompleksimizdə güləş, karate, futbol, kikboksinq bölmələri fəaliyyət göstərir. Burada məşq edən idmançılar respublika səviyyəli turnirlərdə rayonumuzu təmsil edirlər. Kikboksinq komandamız ötən il ölkə çempionatında komanda hesabında ikinci, muay-tay döyüş növündə isə birinci olub. Belə nəticələri görəndən sonra çalışırıq ki, həmin komandaların məşq etməsi üçün şərait yaradaq, həm də Qubada idmanın inkişafında pay sahibi olaq.
- Sözlərinizdən belə başa düşdüm ki, Olimpiya Kompleksinin saxlanılmasında heç bir yerdən maliyyə yardımı görmürsünüz...
- Vəziyyət elə düşündüyünüz kimidir. Bütün bunların fonunda həm kommunal xərcləri, həm də vergiləri vaxtında ödəyirik. Əks halda işıq və qazımız kəsilə bilər. Bəzən kənardan xırda görünən işi görmək üçün 1000 manata qədər xərcimiz çıxır. Bunu etməsən də, olmur. Vaxtında həmin çatışmazlığı aradan qaldırmasan, 1000 manatlıq iş sabah sənə iki-üç dəfə artığına başa gələcək. Bütün gücümüzü səfərbər etmişik ki, kompleksi yüksək səviyyədə saxlayaq.
- Bəs xərcləri necə qarşılayır, kollektivin əməkhaqqını necə ödəyirsiniz?
- Çalışırıq ki, müxtəlif idman federasiyaları ilə əməkdaşlıq edək, turistik turlar təşkil edək. Özünüz də gördünüz ki, komplkesdə təlim-məşq toplanışı keçmək üçün hər cür şərait var. Qiymətlərimiz də çox münasibdir. Neçə illər güləş millimiz burda hazırlıq keçib. Ancaq son 1 ildə bura gəlmirlər. Yəqin ki, bu da maliyyə çatışmazlığı ilə bağlıdır. Ötən il Kikboksinq Federasiyası məsul yarış ərəfəsində bizim kompleksdə toplanış keçdi. Bildiyim qədər bu ilin payızında da bura gəlmək fikirləri var. Ayrı-ayrı federasiyalardan aldığımız vəsait hesabına birtəhər ayaqüstə dururuq.
- Vaxtilə rəhbərlik etdiyiniz kompleks voleybol üzrə "Qran-pri” yarışlarına evsahibliyi edib. Avropanın sayılıb-seçilən idmançıları qonağınız olub. Komanda idman növləri üzrə kimlərsə sizə müraciət edib?
- Əksər idman növləri üzrə komandaların hazırlıq keçməsi üçün Quba Olimpiya İdman Kompleksi ideal məkandır. Otel otaqları ilə yanaşı, bir və iki mərtəbəli kotteclərimiz var. Bundan başqa, qeyd etdiyim kimi, fitnes zalı və 10 cığırlı, 50 metrlik uzgüçülük hovuzu da qonaqların ixtiyarına verilir. Geridə qoyduğumuz qışda futzal üzrə ölkə çempionatının güclülər dəstəsində çıxış edən EKOL bizim kompleksdə toplanış keçdi. Burdan gedəndə klub rəhbərliyi yaradılan gözəl şəraitə görə bizə təşəkkür etdi. Çox istərdim ki, istər böyük futbolda çıxış edən, istərsə də başqa futzal klubları, o cümlədən voleybol, basketbol, həndbol komandaları bura üz tutsunlar. Onların normal hazırlığı üçün hər cür şəraiti yaratmağa hazırıq. Bunun üçün hər cür imkanımız var. Bu gün komplekslə bağlı Rusiya, Türkiyə, eləcə də bizim turizm şirkətlərinə ətraflı məlumatlar göndərib, şəraitimiz barədə geniş informasiya verməyə çalışıram. Nəyə görə Rusiyaya yaxın olan, gözəl təbiəti ilə seçilən Quba qala-qala, yaxın qonşularımız başqa ölkələrə üz tutsunlar? Meşə, dağ, dəniz istəyirlərsə, hamısını təşkil etməyə hazırıq. Günün çox hissəsini iş yerimdə keçirirəm. Hər gün axtarışdayam ki, kompleksi ayaqüstə saxlamağı bacarım.
- Şəraitdən ağızdolusu danışsanız da, futbol meydanı bərbad vəziyyətdədir. Sizcə, belə meydanı olan kompleksdə hansısa peşəkar komanda hazırlıq keçmək istəyər?
- Futbol meydanı bizim ağrılı yerimizdir. Özünüz də gördünüz ki, stadion təbii örtüklüdür. Vaxt var idi, bir gündə 4 komanda bu meydanda məşq edirdi. Toplanış keçmək üçün bir çox klublar bizə müraciət edirdilər. Ancaq indi arenanın örtüyü xoşagələn durumda deyil. Çox çalışsaq da, vəziyyəti yaxşılığa doğru dəyişə bilmirik. Bir neçə gün öncə texnika cəlb edib meydana əl gəzdirmişik. Buna baxmayaraq, istənilən səviyyəyə çatdıra bilməmişik və bunu da etiraf edirəm. Siz də bilirsiniz ki, təbii örtüyü saxlamaq üçün yetərincə böyük vəsait tələb olunur. Bu isə bizim imkanımız xaricindədir. Problemi aradan qaldırmaq üçün AFFA-ya müraciət etmək istəyirəm. Bizə təbii örtüyü süni ilə əvəzləməkdə yardımçı olsunlar. Əsas meydanla yanaşı, məşq etmək üçün kiçik ölçülü daha iki meydançamız var. Onları da süni örtüklə təmin etsinlər və ilin istənilən fəslində kompleksdə müxtəlif yaş qrupları üzrə yığmaların toplanışını keçirsinlər. Biz buna imkan yaradacağıq. Təki meydan məsələsi həll olunsun. Rayonun coğrafi mövqeyi, təbii iqlimi buna imkan verir. Rusiyaya yaxın olmağımız, Bakı - Rostov magistralının yaxınlığında yerləşməyimiz bizim üçün əlavə üstünlükdür. Kompleks istər texniki-taktiki, istərsə də fiziki hazırlıq üçün çox əlverişlidir. Ümid edirəm ki, AFFA rəhbərliyi müraciətimizi müsbət qarşılayacaq. Lazım gəlsə, kompleksin nəzdində assosiasiyanın şimal zonası üzrə mərkəzini də təşkil etmək olar. Onsuz da artıq neçə illərdir ki, müxtəlif yaş qrupları üzrə komandaların seçmə və pley-off matçları bu stadionda keçirilir.
Rəşad Qasımov / Futbol+