AFFA yanında Media Komitəsinin elan etdiyi müsabiqənin qalibləri açıqlanıb. Qaliblər arasında Sportnet.az-ın "Olimpiada: Azərbaycan üçün "idman ölkəsi” imicini təsdiqləmək imkanı" layihəsi də var.
Artıq gələn həftədən layihənin icrasına start veriləcək. Bu məqsədlə aşağıdakı işlər görüləcək:
- Azərbaycanın olimpiadada təmsil olunacağı və təmsil olunmağa namizəd göstərilən hər bir növü üzrə imkanları təhlil ediləcək;
- Azərbaycanı olimpiadada təmsil edəcək və ya təmsil etməyə namizəd göstərilən idmançılarının hər biri ilə müsahibələr təqdim olunacaq;
- Yığma komandaların hazırlıq prosesindən yazılı və foto-reportajlar hazırlanacaq;
- Medal şansları ekspertlərlə - müvafiq federasiya, Gənclər və idman Nazirliyi, Milli Olimpiya Komitəsi rəsmiləri, məşqçi-mütəxəssislərlə ayrı-ayrılıqda və ya dəyirmi masa formasında müzakirə, təhlil olunacaq;
- Azərbaycanı olimpiada təmsil edəcək idmançıların xarici ölkə idmançıları arasındakı əsas rəqibləri araşdırılacaq;
- Azərbaycan idmanının postsovet miqyası, islam ölkələri və türkdilli ölkələrdə, qitədə və dünyadakı rolu araşdırılacaq;
- Azərbaycanda sovet dövrü ilə müqayisədə irəliləyişin əldə olunduğu və əksinə, geriləmələrin müşahidə olunduğu növlər təhlil olunacaq;
- İrəliləyişlər təbliğ ediləcək, geriləmələrin aradan qaldırılması üçün yollar təklif ediləcək;
- Azərbaycan idmanına legioner axınının tədricən aradan qaldırılması imkanları araşdırılacaq;
- Paytaxtda və bölgələrdə kütləviliyə xidmət edən, amma təmir-bərpaya ehtiyac duyulan idman qurğuları göstəriləcək;
- Gənc nəslin idmana cəlb olunması, onların gələcəkdə Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməsi imkanları təhlil olunacaq;
Bu layihə vasitəsilə Azərbaycanın Olimpiya yığması gündəmdə saxlanılacaq, komanda üzvlərinə ictimai diqqət artırılacaq, idmançıların idmansevərlərə və bütövlükdə xalqa daha da yaxınlaşması təmin olunacaq, Azərbaycanın təmsil olunacağı hər bir idman növünə maraq artırılacaq, ölkənin idman uğurları daxildə və xaricdə təbliğ olunacaq.
Araşdırmalar, təhlillər, müsahibələr, reportajlar və xəbərlər Sportnet.az saytında dərc olunacaq və Sportnet.az-ın "Facebook” səhifəsində paylaşılacaq.
Layihənin yekunu ilə bağlı dəyirmi masa təşkil olunacaq.
Nəticələr AFFA yanında Media Komitəsinə, Gənclər və İdman Nazirliyinə, eləcə də Milli Olimpiya Komitəsinə təqdim olunacaq.