
"Şamaxı Olimpiya Kompleksi ərazisinə və tərkibindəki idman növlərinin sayına görə öncül idman qurğularından biridir. Kompleksimizdə daha çox futbol və cüdo yarışları keçirilir. Buna görə Gənclər və İdman Nazirliyi, Şamaxı rayon İcra Hakimiyyəti və "Qəbələ" İdman Klubunun rəhbərliyinə təşəkkürümü bildirirəm".
Sportnet.az-ın məlumatına görə, bunu Şamaxı Olimpiya Kompleksinin direktoru Səbuhi Qarayev İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2019" layihəsinin yekunlarına həsr olunmuş "7 Qalib" adlı mükafatlandırma mərasimində deyib. O bildirib ki, son 2 il ərzində Şamaxıda idmanın kütləviləşdirilməsinə start verilib: "Bir çox yarış Şamaxıda keçirilməkdədir. Biz də Olimpiya Kompleksi olaraq, bundan kənarda qala bilmərik. Şamaxı Olimpiya Kompleksində bütün olimpiya və bir neçə qeyri-olimpiya növləri üzrə məşğələlər ödənişsizdir. Bu, "Qəbələ" İdman Klubunun qurğularında da, Şamaxı Olimpiya Kompleksində də belədir. Bakıdan apardığımız 4 mütəxəssisdən 3-ü əməkdar məşqçidir. Onlar seleksiya işi ilə məşğuldurlar. Üzə çıxardıqları idmançılar isə bizdən yığma komandalara dəvət olunurlar. Regionlardan idmançıların üzə çıxarılması Gənclər və İdman Nazirliyi ilə rayon rəhbərliyi tərəfindən qarşımıza məqsəd kimi qoyulub. Biz Qəbələ, İsmayıllı və Oğuz rayonları ilə əlaqəli şəkildə işləyirik".
Qarayev Milli Məclisin deputatı Aqil Abbasın bəzi olimpiya komplekslərindən təyinatı üzrə istifadə olunmadığına dair fikirlərinə də münasibət bildirib: "Aqil müəllim faktlarla danışmağı xoşlayır. Deyə bilərəm ki, cüdoçularımızdan İmran Yusifov gənc olsa da, 100 kq-dan yuxarı çəki dərəcəsində kişilər arasında Avropa Kubokunun qalibidir. Onu Qəbələnin kəndindən üzə çıxarıb sıfırdan yetişdirmişik. Gülşən Bəşirova isə "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında 44 kq çəki dərəcəsində bürünc medal qazanıb. O da Qəbələnin kəndindəndir və festival zamanı cüdoda yeganə medalı əldə etmiş qızdır. Sözlərinizdə həqiqət var, amma idman qurğusunun saxlanılması üçün bəzi kursların olması vacibdir".
Qeyd edək ki, Şamaxı Olimpiya Kompleksi İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu kimi mükafatlandırılıb.