
"İlk növbədə, "İnter" və "Qəbələ"yə Avropa Liqasında qalib gələrək, "Neftçi"yə qoşulmalarını, "Qarabağ"a isə Çempionlar Liqasında uğurlu start arzulayıram. Hesab edirəm ki, Azərbaycanın 4 klubunun hamısı ilk rəqibləri keçməyə borcludur". Bunu Sportnet.az-a "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.
Süleymanov bildirib ki, Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" üçün Sloveniyanın "Koper" və ya Çernoqoriyanın "Çelik" komandalarından hansı ilə qarşılaşmaları önəmli deyil: "Əsas odur ki, "Neftçi" həmin anda hansı vəziyyətdə olacaq. "İnter", "Rubin", APOEL kimi rəqiblərlə qarşılaşmış bir komanda üçün təcrübə baxımından heç bir problem ola bilməz".
"Neftçi" rəsmisi il oyunu evdə keçirmələrinin yeganə üstünlüyünü də vurğulayıb. Onun fikrincə, rəqib Avroliqanın I təsnifat mərhələsindəki ardıcıl 2 oyunundan sonra Bakıya uzaq səfərə çıxacaq. Bu isə müəyyən yol yorğunluğuna səbəb olacaq. Süleymanov deyib ki, Avropada ev-səfər amili artıq itib: "Necə ki bu, 2 il öncə bizim APOEL-lə ev və səfər görüşlərimizdə sübut olundu. Həmin il ilk oyunda "Zestafoni" ilə uğurlu nəticəyə imza atdığımız kimi, bu dəfə də eyni nailiyyətə ümid edirəm. Evdə 2 və ya 3 cavabsız top fərqi ilə qalib gələ bilsək, növbəti mərhələnin qapısını açmış olarıq".
Qeyd edək ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsindəki ilk oyununu iyulun 17-də Bakıda, cavab görüşünü isə iyulun 24-də səfərdə keçirəcək.