"Neftçi"nin Müşahidə Şurasının üzvlərindən yalnız Bəhram Bağırzadə komandann Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Mladost"la qarşılaşma üçün Monteneqroya yollanıb. Bu barədə Sportnet.az-a Şura üzvü Səməd Qurbanov məlumat verib.
O, bildirib ki, digər üzvlər - Cəbrayıl Cəbrayılov, Zaur Qəhrəmanov, Sadıq Sadıqov və Mübariz Zeynalov ölkəni tərk etməyib: "Mübariz müəllim səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirildiyindən mən də onunla qaldım. Amma komanda ilə əlaqə saxlamışıq, onlar bütün Azərbaycana salam göndərirlər. İnanırıq ki, səfərdən qələbə ilə qayıdacaqlar".
Müşahidə Şurasının sədri Çingiz Abdullayev isə Azərbaycan Yazıçılar Birliyinin tədbiri ilə əlaqədar "Neftçi"nin oyununu izləyə bilməyəcək. Əvəzində səfərə klubun icraçı direktoru Elnur Məmmədov, onun müavini Mübariz Xudiyev və idman direktoru Vəli Qasımov çıxıb.
Qeyd edək ki, iyulun 9-da Podqoritsa şəhər stadionunda keçiriləcək "Mladost" - "Neftçi" qarşılaşması Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.