"İnter" haqda nəsə demək mənə çətin gəlir. Ən azı, bir dəfə televizor vasitəsilə olsa belə, görsəydim, fikir yürüdərdim. Mənə elə gəlir ki, "Neftçi" və "İnter" uda bilər. Ən çətin oyun "Qəbələ"də olacaq". Bu sözləri Sportnet.az-a açıqlamasında təcrübəli mütəxəssis Böyükağa Hacıyev deyib.
Hacıyev bu gün Avropa Liqasının I təsnifat mərhələsində cavab oyunlarına çıxacaq Azərbaycan klublarının şanslarını belə dəyərləndirib: "Mənim dövrümdə olan "Neftçi"dən bir balaca da olsa qalıbsa, açıq futbol oynamalıdırlar. Gərək rəqibi təəccübləndirəsən. Bu isə artıq məşqçinin fantaziyasından asılıdır. Bilmirəm, Samir Əliyev komandanı bu gün hansı taktika ilə oynadacaq. Bu oyunda 0:0, 1:1 hesabları Monteneqro təmsilçisinin xeyrinədir. Ona görə gərək nəsə yenilik edilə. "Qəbələ"nin rəqibi Gürcüstan "Dinamo"su isə top saxlamağı bacaran, texnikalı oynayan komandadır. "Qəbələ artıq bu oyunda 3:1 hesablı qələbə qazanmalıdır. Mərhələni isə mənə elə gəlir ki, "İnter" keçəcək".
Qeyd edək ki, "İnter" - "Laçi" və "Qəbələ" - "Dinamo" görüşləri 21:00-da, "Mladost" - "Neftçi" matçı isə 23:30-da başlanacaq.