Azərbaycan kayakçısı Mirnazim Cavadovla kanoeçi Nikita Sablin Portuqaliyanın Montemor-o-Velyo şəhərində keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 23 yaşadək kayakçı və kanoeçilərin mübarizəsinə qatılan təmsilçilərimiz seçmə mərhələni dəf etməyi bacarıblar.
Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə finişə 37,236 saniyəyə çataraq, 4-cü yeri tutub. Bu yürüşdə yer alan Ermənistan təmsilçisi Hayk Qasparyan isə 47,476 saniyə nəticə ilə 9 iştirakçı arasında sonuncu olaraq mübarizəni dayandırıb.
Sablin isə 1 nəfərlik qayıqla (C-1)
seçmə yürüşdə eyni məsafəni 44,112 saniyəyə qət edərək, 5-ci olub. Bu nəticə də təmsilçimizin yarımfinala yüksəlişi üçün yetərli olub.
Qeyd edək ki, yarımfinal yürüşləri bu gün olacaq. Bakı vaxtı ilə saat 19:55-də start xəttinə çıxacaq Mirnazim Cavadovun rəqibləri Endryu Roy (Yeni Zelandiya), George Sadovnik (Moldova), Sebastian Şipula (Polşa), Tom Brennan (İrlandiya), Balaş Birkaş (Macarıstan), Alessandro Qneççi (İtaliya), Yassin Mohamed (Tunis) və Man Çe (Makao) olacaq. İlk 2 yerin sahibləri və 3-cü yeri tutanlar arasıda ən yaxşı nəticə göstərən kayakçı finala yüksələcək.
Saat 20:30-da isə Nikita Sablin yarımfinal yürüşünə çıxacaq. Onun rəqibləri Konstantin Diba (Rumıniya), Tomoaki Yuasa (Yaponiya), Sebastian Henniq (Almaniya), Adel Mojallalimoğadam (İran), Azərbaycan millisinin sabiq kanoeçisi Andrey Kraytor (Rusiya), Loik Leonar (Fransa), Sonq Xinq (Çin) və Xose Kamilo (Meksika) olacaq.
*** 18:09. Azərbaycan idmançısı erməniyə qarşıPortuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında dünya çempionatı start götürüb. Sportnet.az-ın məlumatına görə, nüfuzlu yarışda Azərbaycanın 23 yaşadək idmançılar arasında 4 təmsilçisi mübarizə aparır.
İlk yarış günündə 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə seçmə yürüşdə Taras Matviyçuk - Aleksey Kupin dueti start xəttinə çıxıb. Onlar 3 dəqiqə 50,412 saniyə nəticə ilə ikinci yeri tutub. Bu nəticə ilə Matviyçuk - Kupin dueti yarımfinala yüksəlib. Lakin növbəti mərhələdə onlar finişə çata bilməyərək, mübarizəni dayandırıblar.
Bu gün yeganə kayakçı Mirnazim Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılacaq. Bakı vaxtı ilə saat 20:20-də başlanacaq yürüşdə onun rəqibləri Yordi Ekkles (Böyük Britaniya), Nikola Cuteski (Makedoniya), Endryu Roy (Yeni Zelandiya), Marko Draqosavlyeviç (Serbiya), Borislav Laziç (Türkiyə), Roberts Akmens (Latviya), Orion Pilo (Danimarka), Hayk Qasparyan (Ermənistan) olacaq. İlk 7 yeri tutanlar yarımfinala yüksələcəklər.