Bu gün "Qarabağ" komandası futbol üzrə Avropa Liqasında İsveçrə "Yanq Boyz"u ilə ilk "pley-off" matçına çıxacaq. Sportnet.az-ın məlumatına görə, Bern şəhərindəki "Stade de Suisse"də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Oyunu Vladislav Bezborodovun başçılıq etdiyi rusiyalı hakimlər briqadası idarə edəcək. Hər iki komanda qitəmiqyaslı yarışlarda mübarizəyə Çempionlar Liqasından başlayıb. Azərbaycan Premyer Liqasının qalibi II təsnifat mərhələsində Monteneqro "Rudar"ını üstələdikdən (0:0, 1:0) sonra Şotlandiya "Seltik"inə eyni hesablarla yenilib. İsveçrə vitse-çempionları isə III təsnifat mərhələsindən başladıqları yarışda elə ilk cəhddəcə Fransa "Monako"suna evdə 1:3, səfərdə 0:4 hesabı ilə yenilib. Məhz bu uğursuzluqdan sonra "Yanq Boyz"un baş məşqçisi Uli Forte istefaya göndərilib. Hazırda komandaya müvəqqəti olaraq, Harald Qamperle rəhbərlik edir.
"Qarabağ" bu görüşə də Maksim Medvedev itkisi ilə çıxacaq. Hazırda zədədən sonra bərpa dövrü keçən müdafiəçi İsveçrəyə aparılmayıb. "Yanq Boyz"un heyətində isə daha çox oyunçunun meydana çıxmayacağı bildirilir.
Avropa Liqası
Pley-off mərhələsi, ilk oyun
23:00. "Yanq Boyz" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:1
Qol: Riçard Almeyda, 67
Baş hakim: Vladislav Bezborodov
Yan xətt hakimləri: Nikolay Qolubev, Maksim Qavrilin
Dördüncü hakim: Aleksey Yeskov (hamısı Rusiya)
UEFA hakim-inspektoru: Lassin İsaksen (Farer adaları)
UEFA nümayəndəsi: Mixal Mertinyak (Slovakiya)
Bern, "Stade de Suisse"