
"Qrupumuzdakı bütün komandalar avtoritetli və güclüdürlər. Onların hər biri hörmətə layiqdirlər". Sportnet.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Avropa Liqasının C qrupunda "qırmızı-qaralar"ın rəqiblərini dəyərləndirib. O bildirib ki, Almaniyanın "Borussiya" (Dortmund), Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubları barədə toplamaq problem deyil: "Hazırda şəxsən mənim üçün və bizə istənilən rəqib haqda informasiya toplamaq asandır. Necə məlumat toplamalı olduğumuzu da bilirik. Hər bir rəqib barədə tam məlumatlıyıq. Ona görə bu sarıdan problemimiz yoxdur".
50 yaşlı mütəxəssis rəqiblərdən hansı ilə erkən qarşılaşmağın önəmli olmadığını da vurğulayıb. O, bütün rəqibləri səbirsizliklə gözlədiklərini bildirib: "Hazırda bütün diqqətlərimiz aralıq müddətdən yaxşı istifadə etməyə, durumumuzu yaxşılaşdırmağa, ustalığımızı artırmağa yönəlib. Ardından Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının IV tur matçına çıxacağıq. Yalnız bunlardan sonra Avroliqa barədə danışacağıq. Bizim üçün ilk turda kiminlə üz-üzə gəlməyin önəmi yoxdur. Onsuz da dekabradək hamı ilə üz-üzə gələcəyik".
R.Qriqorçuk, həmçinin transfer pəncərəsi bağlananadək daha bir futbolçu ilə güclənmək niyyətində olduqlarını diqqətə çatdırıb.