
Meyxanaçı Ehtiram və İntiqam Rüstəmov qardaşları yenidən Rusiyanın paytaxtı Moskvaya dəvət alıblar. Bu barədə Sportnet.az-a İ.Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, dəvət Rusiya telekanallarından birinin prodüsseri tərəfindən qardaşına gəlib. İ.Rüstəmov çağırışın Rusiya millisinin DÇ-2014-də 1/8 finala vəsiqə qazana bilməməsi səbəbindən ola biləcəyini ehtimal edir: "Moskvadan zəng vurub, bizi çağırıblar. Ehtiramla danışıblar. Deyəsən, ORT telekanalından çağırıblar. Gedək görək, bunların planı nədir, nəyə görə çağırıblar? Mənə elə gəlir ki, Rusiya qrupdan çıxa bilmədi, ona görə çağırarlar. Gedib, dəqiq biləcəyik”.
Moskvaya bu axşam yola düşəcəklərini deyən İ.Rüstəmov şimal qonşularımızın qrupdan çıxa bilməmələrinə də münasibət bildirib: "Rusiya azarkeşi olduğundan, məğlubiyyət Ehtirama pis təsir edib. O, hələ də şokdadır. Amma mən şokda deyiləm, dəqiq bilirəm ki, 99% Almaniya finala gedəcək. 1 % şübhə ona görə qalır ki, çempionat Amerika qitəsində olduğundan, Avropa komandaları iqlim şəraiti ilə əlaqədar yaxşı oynamırlar”.
Qeyd edək ki, İntiqam və Ehtiram qardaşları Rusiyada "Tı kto takoy, davay, do svidaniya” meyxanası ilə məşhurlaşıblar.
Sevinc XANQIZI