Moldovada baş hakim Sergey Derenyov bir oyunda buraxdığı səhvləri üzündən ömürlük cəzalandırılıb. Sportnet.az-ın Moldova Futbol Federasiyasının (FMF) rəsmi saytına istinadən verdiyi məlumata görə, buna referinin ölkə çempionatının VI turunda "Zimbru" ilə "Şerif" arasında keçirilmiş mərkəzi qarşılaşmasında çoxsaylı səhvlərə yol verməsi səbəb olub.
Görüşün ilk yarısının sonlarında o, "Zimbru"nun futbolçusunu qovub, ikinci hissədə isə "Şerif"in qapısına penalti təyin edib. FMF Derenyovu FİFA hakimləri siyahısından kənarlaşdırmağı da tövsiyə edib.
Qeyd edək ki, Moldova çempionatında 6 turdan sonra "Şerif" 15 xalla liderdir. İkinci pillədəki "Zimbru" isə 2 xal geridədir.