
"Mən öz oyunçularımla fəxr edirəm. Çünki rəqib Avropanın ən güclü komandalarından biri idi. Mənim komandam mübarizə apardı və futbol oynadı. Mənə elə gəlir ki, bu Azərbaycan futbolu üçün yaxşı nəticədir". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
"Təəssüflər olsun ki, yaxşı nəticə gözləmək olmur. Sabah səhər məşq edəcəyik və Maltaya yola düşəcəyik. Azarkeşlərə də öz təşəkkürümü bildirirəm" - deyə baş məşqçi bildirib.
Daha sonra xorvatiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Nəyə görə bu gün məhz Məhəmməd Qurbanovun forvard idi? Halbuki Rauf Əliyev bu mövqedə oynayır...
- Bu suala cavab vermək istəmirəm.
- Sizin Xorvatiyanı yaxşı tanımağınız kömək oldu?
- Sözsüz ki, olub. Ancaq bu gün komanda oyunu və mübarizəsi buna səbəbdir. Yenə deyirəm ki, futbolçularımla fəxr edirəm. Fikir verin ki, rəqib futbolçular hansı klublarda oynayırlar.
- Milli komanda ardıcıl 3-cü oyunda qol buraxmayıb və məğlub olmayıb. Bu sizin üçün nə deməkdir?
- Demək mənim oyunçularım öz üzərində işləyir və düzgün çalışırlar. Onların özünə inamı qayıdıb. Xorvatiya İtaliya olan qrupda birinci pillədədir. İlk oyunda 6 qol buraxmışdıq. Mənə elə gəlir bütün Azərbaycan belə oyunçularla fəxr etməlidirlər.
- Bu oyunda Maltaya qarşı hansı nəticəni gözləmək olar?
- Malta ilə oyunda əlimizdən gələni edəcəyik ki, orda yaxşı nəticə qazanaq və qələbə ilə qayıdaq. Amma ilk növbədə Xorvatiya ilə heç heçəyə sevinək.