
Sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kubokuna Azərbaycanın 6 şahmatçısı qatılacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Dünya Kuboku-2015"in Əməliyyat Komitəsinin direktoru və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov bildirib.
M.Məmmədovun sözlərinə görə, bunlar Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəylidir: "Hər bir şahmatçımızın hədəfi mümkün qədər çox qələbə qazanmaq və irəliləməkdən ibarət olacaq. Dünya Kubokunun Bakıda keçirilməsi şahmatçılarımızın çıxışlarına təsiri baxımından həm asan, həm də məsuliyyətli və çətindir. İndiyədək belə yarışlarda yalnız mərhum Vüqar Həşimov qalib olub. Hər bir şahmatçımızın məqsədi qələbə olacaq".
AŞF-nin digər vitse-prezidenti Faiq Həsənov isə xatırladıb ki, indiyədək belə dünya səviyyəli turnirlərdə ən yaxşı nəticəni Teymur Rəcəbov göstərib. O, 2004-cü ildə Liviyanın paytaxtı Tripolidə həmin vaxtlarda dünya çempionatı adlanan yarışda 4-cü yeri tutub.
Qeyd edək ki, Dünya Kubokunun açılış mərasimi sentyabrın 10-da Bakı Muğam Mərkəzində olacaq. 128 şahmatçı olimpiya sistemi ilə yarışaraq, oktyabrın 5-də qalibi müəyyənləşdirəcəklər. Finalçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.