
AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin Malta ilə səfərdə keçirdiyi AVRO-2016-nın seçmə qrup matçından sonra oyuna ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Oyun barədə nə deyə bilərsiniz?
- Təbii ki, bu oyunda 2 xal itirdik. Komanda çox yaxşı oynadı. Oyuna nəzarət edirdi. Malta yığmasının cəmi iki imkanı oldu, iki dəfə də qol vurdu. Başqa sözlə, 2 dəfə çərçivəyə düşdülər, o da qapıdan keçdi. Baxmayaraq ki, komandamız bir anda uduzurdu, ancaq özündə güc taparaq qol vura bildi və ikinci qolu vurdu. Oyun da 2:2 hesablı heç-heçə ilə nəticələndi. Bakıda 2:0 udmağımıza, burada bərabərə qalmağımıza baxmayaraq, milli komanda indi daha yaxşı futbol oynadı.
- İkinci hissənin ilk 10-15 dəqiqəsində sanki komandada bir durğunluq var idi, bu nə ilə bağlıdı? Yorğunluq sizin də diqqətinizi çəkdimi?
- Təbii ki, yorğunluq olacaqdı. 3 gün ərzində 2 oyun oynadıq, ancaq unutmayaq ki, Malta da eyni qaydada həm səfər, həm də evdə oynadı. Onu da unutmayaq ki, evdə oynamasına baxmayaraq Malta oyuna 1 xal üçün çıxmışdı. Onlar üçün bu bir xal qazanc, bizim üçün isə iki xal itki oldu.
- Prosineçkinin rəhbərliyi altında 4 rəsmi oyunda 6 xal toplamışıq. Bu sizin fikrinizcə növbəti tsiklda final mərhələsi uğrunda oynamağa ümid verə bilərmi?
- Növbəti tsikl dünya çempionatı olacaq, bilirsiniz ki, orda bir az vəziyyət çətindir, şərtlər fərqlidir. Orda birinci yer tutan komanda birbaşa gedir, ikinci yer tutan isə pley-off oynamalıdır. Avropada isə ilk iki komanda birbaşa gedir, üçüncü komanda isə pley-off oynayır. Yəni Avropa çempionatına vəsiqə qazanmaq daha asandır. Prosineçki üçün isə 4 oyun uğurlu oldu. Bu oyunlarda qazanılmış 6 xal müsbət məqamdır.