"Normal hazırlıq keçmişik. Komandada əhval-ruhiyyə yaxşıdır”. Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasında qrup mərhələsinin II turunun Rusiya "Krasnodar"ı ilə səfər oyunundan öncə mətbuat konfransında deyib.
Ukraynalı mütəxəssis bildirib ki, komandası artıq oyuna köklənərək maçtın başlama saatını gözləyir. Onun sözlərinə görə, hələlik oyunun start heyəti müəyyənləşməyib: "Məşqdən sonra köməkçilərlə yaxşıca təhlil edəcəyik. Ola bilər bu gecə, ola bilər sabah heyəti müəyyənləşdirdik. Sabah günün birinci yarısında bilinəcək".
"Krasnodar"ın ölkə çempionatının son turunda "Terek"lə keçirdiyi oyundan söz açan ukraynalı mütəxəssis bir matça görə rəqibi qiymətləndirməyin düzgün olmadığını söyləyib. Onun sözlərinə görə, rəqib keyfiyyətli futbol sərgiləyir: "Başa düşürük ki, "Krasnodar” yaxşı futbol göstərir. Hücum potensialına baxanda imkanlarını görürsən. Sürətli və cəld komandadır. Mütləq onu qeyd etməliyik ki, çox ağıllı baş məşqçiləri var. Bu da onu göstərir ki, rəqibimiz yaxşı oyun göstərə bilər. Oleq Kononovun komandaları konkret, mənalı, dəqiq oyun göstərir. Bu da oyunda böyük rol oynayır. Bizə gəldikdə, bir neçə dəfə sürpriz etmişik. Biz hər rəqibə qarşı hazırlaşa bildiyimizi göstərmişik. Onları yaxşıca təhlil edirik. Əsas odu ki, sabah düzgün, ağıllı futbol oynayaq. Rəqibin oyununa əsasən də müəyyən gedişatlar edəcəyik".
Baş məşqçi yeni ailə həyatı quran Vaqif Cavadovun Rusiya millisinin qapısına vurduğu qolları "Krasnodar"da da davam etdirə bilmə ehtimalından da danışıb: "Əvvəla, Vaqifi təbrik edirəm. İstərdim ki, statistikanı sabah da davam etdirsin".
Qriqorçuk George Floresku, Vaqif Cavadov və Aleksey Antonovun Rusiya çempionatında çıxışlarına əsasən, onlardan hansısa məlumat almağın sabahkı oyuna təsir etməyəcəyini deyib: "Belə şeylərə diqqət yetirmək vaxt itkisidir. Əsas odur ki, rəqibi yaxşı təhlil edək, beynimizdə olanları meydançada göstərək. Statistika yox, oyun nəticəni müəyyən edəcək".
Krasnodardakı isti havadan danışan R.Qriqorçuk rəqibi "soyuq duş"a salmağın çətin olacağını bildirib. O, qeyd edib ki, ən azı, Rusiya təmsilçisini sərinləşdirmək mümkün olacaq.
Baş məşqçi oyunla bağlı proqnozunu da verib. O, bildirib ki, 5:0 hesabı ilə qələbə qazanacaqlar: "Qələbə qazanacağımız təqdirdə hər hansı bir sürpriz etməyəcəyəm. Bunun üçün hələ tezdir".