"Neftçi"nin və Azərbaycan milli komandasının futbolçusu Ruslan Qurbanovu polis saхlayıb. Sportnet.az-ın "fanat.az"a istinadən məlumatına görə, buna hücumçunun içkili halda avtomobil idarə etməsi olub.
Qurbanov "Neftçi"dəki komanda yoldaşlarından biri və "Qarabağ"ın üzvü ilə "Zirə"yə məğlubiyyətdən sonra Xətai rayonunda yerləşən restoranlardan birinə yollanıb. Burda yaхşıca yeyib-içən dostlar daha sonra avtomobilə əyləşiblər. Yolda isə onları polis saхlayıb. Ruslan Qurbanov sükan arхasına içkili vəziyyətdə əyləşdiyindən yol polisi maşını cərimə meydançasına aparıb.
Onun yanında olan "Neftçi" və "Qarabağ"ın futbolçularının adları da bəllidir, lakin onların hadisə yerində olub-olmadıqlarını araşdırıldığından, etika xatirinə adları açıqlanmır.
Olayla bağlı Ruslan Qurbanov fikirlərini "Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov vasitəsilə çatıdırıb. Klub rəsmisi deyib: "Ruslanın özü ilə danışdım. Etiraf etdi ki, bir müddət əvvəl yol hərəkatı qaydasını pozduğuna görə yol polisi tərəfindən saxlanıb. Sadəcə işıqforun qırmızı işığını görmədiyi üçün qaydanı pozduğunu dedi. Bu da bütün sürücülərin qarşılaşa biləcəyi vəziyyətdir. Ruslan Qurbanov bildirdi ki, içkili olması barədə informasiya tam yalandır. Məni yaxından tanıyanlar bilir ki, içkidən nə üçün uzağam. Yəqin bu məlumatı yayanlar bundan xəbərsizdir".
Qurbanov bildirib ki, hansı cərimə meydançasına aparıldığını xatırlamır və hadisənin təfərrüatına varmaq istəmir.