
Bu gün Bakı Biznes Mərkəzində "Neftçi" klubu və "ASAN Xidmət" arasında titul sponsorluğuna dair müqavilə imzalanıb. Sportnet.az-ın məlumatına görə, imzalanma mərasimində klubun Müşahidə Şurasının sədri Çingiz Abdullayev və Xidmətin sədri İnam Kərimov çıxış edib.
İ.Kərimov bu əməkdaşlığın hər iki tərəf üçün uğurlu olacağına inam ifadə edib. Ç.Abdullayev isə bildirib ki, hamı bu müqavilənin imzalandığını eşitdikdə, anlaşmanın "Neftçi"nin işini asanlaşdıracağını düşünüb: "Bu, bir əməkdaşlıq müqaviləsidir. "Neftçi"nin formalarında "ASAN Xidmət" yazılacaq. Çoxları yazır ki, müqavilənin dəyəri 20 milyon manatdır. Amma bu, belə deyil. İnanmırlar ki, Azərbaycanda da xeyirxah insanlar var. Hər iki tərəfə uğurlar arzulayıram".
