
Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. "Rəvan"ın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Emin Quliyev uğursuz nəticələri ilə əlaqədar komandanın sükanı arxasından kənarlaşdırılıb.
Rəhbərliyin səbr kasasını VIII turun açılış oyununda "Kəpəz"ə 0:2 hesablı ev məğlubiyyəti və görüş zamanı paytaxt təmsilçisinin 3 futbolçusunun qırmızı vərəqə alması daşırıb. Matçdan sonra E.Quliyev köməkçiləri ilə birgə istefaya göndərilib.
Artıq yeni baş məşqçi də məlumdur. Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, Bəhmən Həsənovdur. Təcrübəli mütəxəssis 3 ildən sonra "Rəvan"a qayıdıb və komandaya hələ "Muğan" adlandırıldığı vaxtı da nəzərə aldıqda, 5-ci dəfə baş məşqçi təyin olunub. O, ilk dəfə 2010-cu il noyabrın 15-də "Muğan"ın sükanı arxasına keçib. Sonradan Həsənov 2011-ci ilin iyulundan sentyabrınadək, 2012-ci ilin fevralından iyununadək və 2012-ci ilin avqustundan sentyabrınadək "Rəvan"da baş məşqçi olub. Mütəxəssis eyni kluba baş məşqçi təyin olunma sayında rekordçudur.
Qeyd edək ki, bu mövsüm "Rəvan" Azərbaycan Premyer Liqasında 8 oyundan 2 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Hələ qələbə qazana bilməyən "sarı-qırmızılar" 4 top vurduqları halda, qapısından hamıdan çox - 14 top buraxıb.