
"Komandamızın Avropa Liqasından ölkə çempionatına keçidi uğursuz alınır. Bu, mənim şəxsi fikrimdir. Üstəlik komandada yorğunluq hiss olunur". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qəbələ" klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.
"Qəbələ"nin Azərbaycan Premyer Liqasındakı çıxışını dəyərləndirən F.Nəcəfov bildirib ki, çempionatdakı digər komandalar "Qəbələ" və "Qarabağ"a qarşı xüsusi motivasya ilə oynayırlar. Onun sözlərinə görə, komandadakı problemlər tezliklə həll olunacaq.
Mətbuatda baş məşqçi Roman Qriqorçukun "Qəbələ"dən gedəcəyi haqda yazılan məlumatlara vitse-prezident belə cavab verib: "Bu, birmənalı şəkildə müzakirə mövzusu deyil. Komanda udar da, uduzar da. Düşünürəm ki, bunlar normal haldır".
F.Nəcəfov azarkeş amilinə də toxunub. Komandanın uğur qazanmasına baxmayaraq kifayət qədər azarkeşin stadiona gəlməməsinə münasibət bildirən klub rəsmisi deyib ki, azarkeş məsələsi ilə bağlı əvvəllər də iş gedib və bu gün də işlər davam edir: "Bu gün azarkeşlik məsələsi bizim ən yaralı yerimizdir. Komanda nəticə qazanır. Avroliqanın qrup mərhələsində çıxış edirik. Amma yenə də stadiona kifayət qədər azarkeş gəlmir. Müəyyən məsələlər var. Onları da həll etmək üçün əlimizdən gələni edirik".