"Qəbələ”nin futbolçusu Samir Zərgərov "qırmızı-qara” formada 100-cü oyununu keçirəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının "Kəpəz”lə oktyabrın 31-də keçiriləcək qarşılaşmasında meydana çıxsa, yubiley oyununu qeyd edəcək.
2006 - 2009-cu illərdə "Qəbələ”də çıxış edib, 2015-ci ilin yayında komandaya qayıdan Zərgərov indiyədək 99 matçda "qırmızı-qaralar”ın sıralarında olub. O, oyunların 78-ni Premyer Liqada, 15-ni ölkə kubokunda, 6-nı UEFA Avropa Liqasında keçirib.
Zərgərov klub tarixində 100 və daha çox oyun keçirən 4-cü futbolçu olacaq. Ona qədər Dodo (147 oyun), Viktor Mendi (127 oyun) və Ürfan Abbasov (111 oyun) buna nail olub. Hazırda 99 oyun keçirən Pavel Doroşevlə birgə 4-cü göstəriciyə malik yarımmüdafiəçinin hesabında 12 qol var. O, klub tarixinin ən yaxşı bombardirləri siyahısında 9-11-ci yerləri bölən 3 futbolçudan biridir.
"Qəbələ”nin oyunlarında 5 dəfə penalti zərbəsi yerinə yetirib, bunların 3-də qol vuran Zərgərov kubok matçında penaltilər seriyasında da qapını dəqiq nişan alıb.
Qeyd edək ki, Samir Zərgərov "Qəbələ"də ilk oyununa 2006-cı il avqustun 5-də çıxıb. O, "qırmızı-qaralar”ın Premyer Liqada keçirdiyi ilk qarşılaşmada "İnter”ə qarşı 90 dəqiqə forma geyinib. Zərgərov 2010-2011-ci il mövsümündə "Kəpəz"də çıxış edib. Bu mənada keçmiş komandası ilə qarşılaşma təcrübəli futbolçu üçün ikiqat önəmə malikdir.