
"Avropa Liqasında iki mərhələ adlamağımız qarşılığında nəzərdə tutulan mükafat hələ də verilməyib". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı "İnter"inin qapıçısı Səlahət Ağayev deyib.
24 yaşlı kapitan bildirib ki, klub prezidenti Georgi Nikolovdan komandaya heç bir dəstək verilmir: "Nikolovdan bir klub prezidenti kimi dayaq görmürük. Bir kimsə yoxdur ki, irəli çıxsın. Bilirik ki, Azərbaycan Beynəlxalq Bankı az da olsa, klubumuzu maliyyələşdirir. Sağ olsunlar".
Ağayev sərfəli təklif olacağı halda, komandadan gedəcəyini istisna etməyib: "Bilirsiniz ki, yayda mənə təkliflər olmuşdu. "İnter"in yetirməsi kimi qalası oldum. Amma belə getsə, heç kimi qınamaq olmaz. Kimsə getsə, ondan "Niyə getdin?" deyə soruşan olmayacaq. Bir adam yoxdur ki, ona etirazımızı bildirək. Kimə bildirək? Komanda şəklində toplantımız çox olub. Oyundan əvvəl demişdik ki, maaşımızı verməsələr, "Qəbələ" ilə oyuna çıxmayacağıq. Amma elə oldu ki, maaşlar verildi. Əvvəllər aybaay maaş verirdilər. İndi isə əmək haqqı ödənişi 50 günədək çəkdi".
"İnter" Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qəbələ" ilə heç-heçəyə nail olub. Kapitan bir xalı komanda şəklində mübarizə nəticəsində qazandıqlarını bildirib: "Bilirdik ki, bizi Qəbələdə asan oyun gözləmir. Çünki "Qəbələ” ilə oyunlarımız həmişə çətin alınır. Bu dəfə də elə oldu. Komanda sona qədər mübarizə apardı. Hesabda geri düşsək də, yenilgidən qaça bildik. Komandamızın necə çətin durumda olduğunu hər kəs bilir. Belə vəziyyətdə heç-heçə etməyin özü qəhrəmanlıqdır".
Ağayev oyunun gedişində qəbələli azarkeşlərlə mübahisəsindən də danışıb: "Qapının arxasındakı azarkeşlər mənim təhqir edridilər. Mən də onlara bildirdim ki, nalayiq sözlərə ehtiyac yoxdur. Mən də azərbaycanlıyam. Qeyri-etik sözlərə nə gərək var? Sözlərim təkcə "Qəbələ” azarkeşlərinə aid deyil. Stadionlarda ümumiyyətlə bu cür hallara şahid olmaq istəməzdik".
Qeyd edək ki, "İnter" bu mövsüm Avropa Liqasında III təsnifat mərhələsinədək irəliləyib. Azərbaycan Premyer Liqasında isə klub 12 oyundan 20 xalla 4-cü pillədə qərarlaşıb.