"Belə bir oyundan sonra danışmaq bir az çətindir, amma danışmamaq da olmur". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Şahin Diniyev səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.
O bildirib ki, heyətdəki itkilər məğlubiyyətə əsas vermir: "İtkilərimiz çox idi, lakin bütün bunlar məğlubiyyətə əsas vermir, səbəb deyil. Meydançada da zədəlilərimiz az deyildi. Bundan əlavə, cinah müdafiəçisinin olmaması bizi məcbur etmişdi ki, sistemi dəyişək".
Diniyev ilk hissədə qorxaq, fasilədən sonra isə baxımlı futbol sərgilədiklərini etiraf edib: "Birinci yarıda Çumbinyonun fərdi yaratdığı qol epizodundan başqa "Qarabağ”ın real şansı olmadı. Futbolçularım ilk hissədə taktiki cəhətdən ağıllı oynadılar. İkinci hissədə müəyyən üstünlüyümüz vardı. İtiriləcək bir şey yox idi. Ona görə də hücuma atıldıq, oyun 1-1 hesabı ilə də bitə bilərdi. Sadəcə, oyunun sonlarında uşaq səhvlərindən qollar buraxdıq. Lakin irəli baxmaq lazımdır, uğur qazanmaq üçün səhvləri minimuma endirmək vacibdir. "Qarabağ” bizim top komandamızdır, səhvləri bağışlamır. "Qarabağ”a "Tottenhem”lə oyunda uğurlar arzu edirəm. Etiraf edim ki, biz ilk hissədə qorxaq futbol oynadıq, ikinci hissədə isə sərgilədiyimiz futbol xoşumuza gəldi”.